Gənclər elmlə məşğul olmağa can atmırlar
Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib ki, əməkhaqları az olduğuna görə, alimlər AMEA-nı tərk edir. Akademik həmçinin əlavə edib ki, bu gün AMEA-nın elmlər doktorlarının sadəcə 26 nəfərinin yaşı 60-dan aşağıdır: “Ümumilikdə AMEA-nın 1 828 əməkdaşı var. Onlardan 948-i elmi işçi, 353-ü fəlsəfə doktoru, 165-i elmlər doktorudur. Əmək haqlarında ciddi fərqlər olduğu üçün 10-20 il institutlarda çalışan əməkdaşlarımız yavaş-yavaş ya təhsil müəssisələrinə, ya da digər sahələrə yönəlir. Onların yerinə isə təəssüf ki, yeni kadrlar gəlmir. Bu sahədə işlər aparılmalıdır”.
Rasim Əliquliyevun sözlərinə görə, son bir neçə ildir AMEA əməkdaşlarının WoS beynəlxalq elmi bazasına çıxışı bağlanıb:
“Elmi bazalarda elmi əsərlər dərc etdiyinə görə müəlliflərə mükafat verilmir. Əvvəl verilirdi. Həmçinin digər zəruri xərclər, o cümlədən tərcümə, dərc haqqı ödənilmir. Elmi jurnalların dərci üçün təşkilati-texniki və maliyyə dəstəyi göstərilmir”.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, AMEA-nın kadr potensialının gəncləşdirilməsi istiqamətində işlər aparılmalıdır.
Ekspert vurğulayıb ki, Akademiyanın özündə gənclərin elmə gəlməsinə maneələr var: “Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əməkhaqlarının çox aşağı olmasıdır. Təbii ki, bu qədər yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əmək haqqı ala biləcəklərinə görə elmdən gedirlər.
Diqqət etsəniz, son illər ərzində gənclərin bakalavr pilləsini bitirdikdən sonra elmdə qalması ciddi şəkildə aşağı düşüb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur. Çünki AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar. Bu gün Azərbaycan alimi dünya elmində çox da ciddi qəbul olunmur”.