Gəlir vergisindən azadolmanın şərtləri dəyişdirildi
Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividendlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə gəlir vergisindən azad ediləcək. Eyni zamanda layihəyə görə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq ediləcək.
Gəlir vergisindən azadolma şərtlərinin dəyişdirilməsini dəyərləndirən iqtisadçı-ekspert Cəfər İbrahimli “Şərq”ə deyib ki, hazırkı qanunvericiliyə əsasən emitent tərəfindən investisiya qiymətli kağızları (səhm və istiqraz) üzrə fiziki şəxslərə ödənilən dividend, diskont və faiz gəlirləri 2023-cü ilin fevral ayınadək gəlir vergisindən azad olunub:
“Dəyişiklikdə isə təklif edilir ki, 2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslər 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunacaq. Vergi məcəlləsinə edilən təklif təsdiq edilərsə, fond birjasında listinqdən keçməmiş və qapalı formada yerləşdirilmiş səhm və istiqrazları üzrə gəlirlər vergidən azad olunmayacaq, 10 faiz məbləğində mənbədən vergi tutulacaq”.