Əgər kapital onların özünə baha başa gəlirsə, necə aşağı qiymətə kredit növü təqdim etsin?!
Bank kreditləri faizinin aşağı salınması mexanizmi hazırlanır. Bu barədə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclas zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir: "Bu, inflyasiya ilə əlaqədar xüsusi proqramdır. Nazirlər Kabineti fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalayıb. Burada öz həllini tapan məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir.
Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”.
O qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.
Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, antiinflyasiya tədbirləri konkret olaraq ərzaq məhsulları ilə bağlıdır:
"Bu qlobal bank kreditləri üzrə faizlərin endirilməsi ilə bağlı deyil və onun aşağı salınacağı gözlənilmir. Bu, ərzaq, məqsədli kreditlər veriləcək kənd təsərrüfatı sahəsinə, müəyyən subsidiyaların müəyyən sahələrinə uyğun, qiymətlərin qalxmaması üçündür.
Amma banklar kredit verir və vətəndaşlara onun faizləri təsir etməyəcək. Bunun yalnız bir neçə şaxələnmiş yolu var. İlk növbədə elə etmək lazımdır ki, bankların ucuz pulu olsun. Əgər kapital onların özünə baha başa gəlirsə, necə aşağı qiymətə kredit növü təqdim etsin?!
Deməli, ən azı qorunan əmanətlər üzrə faizi də endirmək gərəkir. Lakin etmirlər. Bundan əlavə, bankların digər maliyyələşmə mənbəyi əmanətlərdən başqa Mərkəzi Bankın (MB) kreditləridir.
MB-ni qanun çərçivəsində məcbur etmək lazımdır ki, bütün banklara bərabərhüquqlu şəkildə hərrac yolu ilə uçot dərəcəsinə kredit versin. Bütün banklara faizlə kredit versə, onun enməsinə müəyyən qədər səbəb olacaq".