Sadəcə dəyəri artıb, azalanda insanlar ya uda, ya da uduza bilərlər
ABŞ dollarının möhkəmlənməsi fonunda qızılın qiyməti düşüb. Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,16%, yaxud 2,92 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 843,38 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,62% düşərək, 1 unsiyası 21,739 ABŞ dolları təşkil edib.
Dolların indeksi 0,17% artaraq, 102,23 bənd səviyyəsinə çatması qiymətli metal üzərində təzyiq yaradıb. Bu dinamikaya ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini 50 bənd səviyyəsində möhkəmləndirə biləcəyi ilə bağlı xəbərlər səbəb olub.
İqtisadçı Xalid Kərimli "Şərq"ə açıqlamasında bildirib ki, bu, sutkalıq statistika olduğu üçün gün ərzində əskinə, bahalaşma da ola bilər:
"Bildiyimiz kimi, birjada on minlərlə adam alış-veriş edir. Günlük qiymət dəyişimləri isə ümumi trendə çox da relevant olmaya bilər. Amma ümumilikdə qızılın qiymətlərini artıran iki məsələ var. Birincisi, qeyri-müəyyənlik və müharibələr. Hansı ki qızıl təhlükəsiz aktiv hesab olunur. Savaşlar, pandemiyalar zamanı qızıla tələbat artır. İnsanlar öz varlıqlarını kağızdan qorumaq üçün qızıla keçirlər. Digər faktor isə pulun dəyəri itəndə qızıla yatırım etmək inflyasiyadan qoruya bilər. Qızılın qiymətini endirən amil isə FED-in faiz dərəcəsinin artıracağı ilə bağlı gözləntilərdir. İki dəfə artırıb və daha bu qədər də yüksəldəcəyi ilə bağlı ehtimallardır. FED faiz dərəcəsini artıranda pulun dəyəri qalxdığı üçün onu depozitə qoymaq daha çox sərf edir. Çünki pulun gəlirliyi artır. Qızıl dividend gətirən, faiz verən aktiv deyil.
Sadəcə dəyəri artıb, azalanda insanlar ya uda, ya da uduza bilərlər. Bundan başqa, məsələn, müharibənin Avropaya keçməsi riski aşağı düşdükcə, lokallaşdıqca, pandemiyanın nəzarət altına düşəcəyi ilə bağlı əminliklər yarandıqca artıq qızıl təhlükəsiz aktiv kimi əhəmiyyətini itirir. Ciddi kataklizmlər olmasa, qızılın qiyməti inflyasiya ilə mübarizə çərçivəsində yaxın gələcəkdə düşə bilər. Lakin burada inflyasiyanı nəzarət altına ala biləcəkləri qeyri-müəyyəndir.
Bundan əlavə, dünyada siyasi, hərbi, ictimai səhiyyə ilə bağlı gərginliklərin hansı formada irəliləyəcəyi məsələsinə heç kim cavab verə bilməz. Günlük dəyişimlərin bazara təsiri olmur. Amma təbii ki, artıq trend halına çevrilərsə, təbəddülat mümkündür".