Azərbaycanda siqaret niyə bahalaşır? - REAL SƏBƏBLƏR 


Azərbaycanda bəzi siqaretlərin qiyməti 10-30 qəpik civarında artıb. Satış məntəqələrindən əldə olunan məlumata əsasən, qiymətlər bəzi məntəqələrdə süni şəkildə qaldırılıb. Ümumilikdə bəzi satış məntəqələrində, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.

 Siqaret qiymətlərinin bahalaşması barədə "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirli ilk növbədə, siqaret kimi zərərli vərdişlərdən həm sağlamlıqları, həm də ciblərinə xeyir üçün uzaq durmağı məsləhət görüb:

"Tütün istehsalçılarının mütəmadi açıqladıqları məlumatlara görə, dünya bazarında hər hansı artımın olub, olmamasına baxmayaraq, xammalı xarici ölkədən alırlar deyə qiymətlər yüksəlib. Logistik xərclərin artması ehtimalı da ola bilər. Bildiyimiz kimi, pandemiya dövründə təchizatla bağlı problemlər var idi.

 Təbii ki, bazar tələb və təklif  üzərində qurulub. Eyni zamanda Azərbaycanda bu məhsulların istehsalçıları məhdud saydadır. Belə demək mümkündürsə, monopoliyadır. 

Ona görə də istehsalçı istənilən qiyməti diktə edə bilər. Ölkəmizdə monopoliyanın, məmur sahibkarlığının ləğv olunması arzuolunandır. Belə olduğu halda, daxili istehsalda da rəqabət yaranar. 

O zaman qiymətlərdən heç kim şikayət etməyəcək. Bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı olmur. Nə qədər baha satsalar, bir o qədər daha çox vergi ödəyərlər. Ona görə də sahibkara çox zaman qiyməti artırmaq sərf etmir".