Deputat məmurlara səsləndi:"Qazilər, şəhid ailələri və əlillərə mərhəmətli olaq”



30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız 44 günlük Vətən Müharbəsində azad edildi. Qələbəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun sarsılmaz gücü nəticəsində qazanıldı. Xalqımızın igid oğulları torpaq uğrunda gözünü qırpadan canını sipər edib, şəhidlik zirvəsinə ucaldı.

Eyni zamanda ön cəbhədə düşmənlə vuruşaraq, yaralanan qazilərimiz, hərbçilərimiz sayəsində bu gün Qarabağa qovuşmuşuq. Dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə, əlillərə dəstəyini göstərir. Onların müalicələri davam etdirilir. Müayinələrindən sonra əlillik dərəcələri qiymətləndirilir. Reabilitasiya işlərinə cəlb olunurlar. Həmçinin sosial müavinətlərlə təmin olunurlar. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu istiqamətlərdə görülmüş işləri mətbuat konfransında diqqətə çatdırıb. Müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativsənədləşdirmə işlərini yerinə yetirildiyi bildirilib.

 Yekun  mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb. Artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı reallaşdırılıb. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib. 44 günlük Vətən müharibəsində yaralanan 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlardan da bəhs olunub. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcəyi qeyd edilib. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

Məsələyə münasibət bildirən Millət vəkili Rüfət Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, dövlətimiz müzəffər ordumuzun nümayəndələrinə kifayət qədər diqqət göstərir:

"Cənab Prezidentin dəfələrlə sosial qayğıya ehtiyacı olan insanların problemlərinə dövlət qurumları, nümayəndələri, məmurlarının çox ciddi yanaşılması istiqamətində dəfələrlə tapşırıqları olub. Daha çox qazilərin işlə təmin olunması üzrə fəaliyyətin icrası arzuolunandır. İmkan daxilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) siyasəti həyata keçirilir. Amma qazilərin, vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin nümayəndələrinin ən böyük ehtiyac duyduğu məsələ qayğı və işlə təminatdır. Bununla bağlı daha çox çətinliklər regionlardadır. Bu məsələnin tezliklə həll olunması lazımdır ki, həm işləyib, ailələrini dolandırsınlar, həm də başları qarışsın. Qəbul etməliyik ki, hansısa fəaliyyətlə məşğul olmaları psixoloji cəhətdən problemlərinin unudulmasına vəsilə olur. ƏƏSMN -nin özünəməşğulluq proqramı mövcuddur. Həmin layihədən istifadə etmək, özünəməşğulluq hərəkatına qoşulmaları lazımdır. Təbii ki, hər biri sahibkar ola bilməz. Bildiyimiz kimi, xarici ölkələrdə işlək əhalinin 6-10 faizi sahibkarlıqla məşğul olur. Əgər 10 faiz bu qəbildən olan insanları özünəməşğulluqla təmin etsək, böyük bir sosial məsələ həll olar. Təbii ki, həmin şəxslərin maraq dairələri, bacardıqları işlər nəzərə alınmalıdır.  Bu istiqamətdə daha diqqətli olmalıyıq. Ona görə ki, regionlarda belə bir başqa fəaliyyət sahəsi yoxdur. Yaxud da onlara digər bir formada kənd təsərrüfatı ilə əlaqəli yeni layihələr ayrılmalıdır".

 Deputatın qənaətincə, problemlər mərhələli şəkildə aradan qaldırılacaq:

"Üzümü tutub məmurlara deyərdim ki, gəlin, bir az da qazi, şəhid ailələri və əlillərə mərhəmətli olaq. Lənkəranda 73 –cü seçki dairəsindən seçilən deputat kimi o insanlara çox vaxt ayırmağı özümə borc bilirəm. Düşünürəm ki, bir çox məsələləri həll etməyə nail olmuşam. Görüşlərdə hansı problemlər qalıbsa, açıq-aşkar söyləmələrini istəyirəm. Dövlət məmurları hazırda bu istiqamətdə kifayət qədər diqqətlidir. Qazilərimiz, müharibə iştirakçıları, şəhid ailələri cəmiyyətimizin ən aparıcı qüvvələridir. Onlarla qürur duyuruq, fərx edirik".