“Hər hansı bir məhsul bazarda bahalaşırsa, onlar digərlərinin də qiymətinin artmasına səbəb olur”
“Azərbaycanın daxilində qiymət artımının başqa bir səbəbi hökumətin apardığı tarif siyasətidir”
“Eyni zamanda gömrük orqanlarının bəyannamə qiymətinin yüksəlməsidir. Beləliklə, qiymət xarici bazarda olduğu kimi daxildə də artıb”
Millət vəkili Tahir Rzayev hazırda ölkədə satılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşmanın müşahidə olunduğunu diqqətə çatdırıb. Deputat həmçinin mövsümi meyvələrin qiymətinin isə ötən illə müqayisədə ikiqat bahalığını vurğulayıb. Eyni zamanda o, bildirib ki, məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub, yanır: “Yerli məhsulların istehsalı, onun artırılması üçün dövlət əhəmiyyətli tədbirlər həyata keçirilirsə, bu məhsulların bahalaşması yolverilməzdir. Bəzi insanlar qlobal bahalaşmadan sui-istifadə edib, bazarlarda qiymətləri süni şəkildə qaldırırlar. Bunun qarşısı alınmalıdır. Son illər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Belə olan halda qiymətlər aşağı düşməlidir, ancaq əksinədir. Sahibkarlıq azaddır. Ancaq bu o demək deyil ki, onlar məhsula istənilən qiyməti qoyub, bazara çıxarmalıdırlar. Bu, qətiyyən yolverilməzdir. Vətəndaşlar da bazarlardakı qiymətlərdən narazıdırlar. Müəyyən işbazlar bazarları tənzimləyirlər. Ona görə də bu qədər qiymət artımı, narazılıqlar yaranır".
Bahalaşmanın real səbəbləri barədə "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, məhsulların bir çoxu Azərbaycana digər ölkələrdən idxal olunur:
“Rusiyada qiymətlər rublla sabit qalıb. Lakin hökumət analoqu olmayan valyuta siyasəti aparır. Rublun möhkəmləndirilməsi xarici valyutalara nisbətdə inzibati yollarla təşkil olunur. Çünki Moskva valyuta bazarı demək olar ki, ləğv olunub. Həmçinin bahalaşan məhsulların bir hissəsi Ukraynadan gəlirdi. Eyni zamanda logistik problemlər olduğu üçün Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq və daxildəki valyuta siyasəti qiymət artımının nəticəsidir. Əfsuslar olsun ki, Rusiyadan gələn, əsasən də ötən ilin əvvəlindən taxıl və buğdaya, bitki yağlarına, toyuq ətinə, yumurta və digər məhsullara icazə tələb olunur. Hazırda logistik məsələlər hələ həllini tapmadığı üçün qiymət artımı müşahidə edilir. Bu səbəbdən ərzaq məhsullarındakı bahalaşma Rusiya-Ukrayna müharibəsi ilə əlaqəlidir. Bundan başqa, məsələn, meyvələrdə mövsümi qiymət artımını görürük. Hər hansı bir məhsul bazarda bahalaşırsa, onlar digərlərinin də qiymətinin artmasına səbəb olur. Azərbaycanın daxilində qiymət artımının başqa bir səbəbi hökumətin apardığı tarif siyasətidir. Eyni zamanda gömrük orqanlarının bəyannamə qiymətinin yüksəlməsidir. Beləliklə, qiymət xarici bazarda olduğu kimi daxildə də artıb”.