Əcnəbi tələbənin Azərbaycana gəlməsinin səbəbi olmalıdır
"Azərbaycana yalnız öz ölkələrində ali təhsil almaları mümkün olmayan əcnəbilər gəlir. "Onlar öz ölkələrində çox aşağı nəticə göstərirlər"
Son günlər əcnəbi tələbələrin yerli universitetlərimizə cəlbi məsələsi ciddi müzakirə mövzusuna çevrilib. Məsələni gündəmə gətirən mütəxəssislər bu sahədə universitetlərin yol verdikləri boşluqlar sadalanmaqla yanaşı, bir sıra zəruri tövsiyələr də veriblər. Qeyd edək ki, bu yaxınlarda AzEdu təhsil portalının təşkilatçılığı ilə “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları" mövzusunda "dəyirmi masa" keçirilib. İştirakçılar qeyd edilən istiqamətdə mövcud olan problemlərə diqqət çəkərək, atılması vacib olan addımlardan danışıblar. Xarici ölkələrdən olan tələbələrin Azərbaycan universitetlərinə cəlbi istiqamətində universitetlərin marağının artırılması, Təhsil Nazirliyinin müvafiq addım atmasının, vahid platformanın yaradılmasının zəruriliyi vurğulanıb.
Həmçinin, əcnəbi tələbələr üçün bir sıra güzəştlərin tətbiqi, təqaüd proqramlarının həyata keçirilməsi, universitetlərdə xarici dildə tədrisin yaxşılaşdırılması istiqamətində bir sıra zəruri təkliflər irəli sürülüb.
Məlumat üçün bildirilib ki, Azərbaycan universitetlərində cəmi 7400 əcnəbi tələbə təhsil alır. Onların da böyük əksəriyyəti qardaş Türkiyə, İran, Gürcüstan (sonrakı yerləri Rusiya, İraq, Nigeriya, Suriya, Pakistan, Çin və s.) tutur. Göründüyü kimi, birincisi, ümumi rəqəmin özü çox azdır. İkincisi də, təhsili güclü olan Avropa, Amerika, Koreya, Yaponiya və s. kimi ölkələrdən bircə nəfər də olsa, tələbə yoxdur.
Ekspertlər isə hesab edir ki, Azərbaycanda təhsil almaq istəyən əcnəbi təbii olaraq, universitetlərin reytinqinə nəzər salır. Azərbaycanda isə təhsilin keyfiyyəti arzuolunan səviyyədə deyil.
Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev prosesdə xaricdə təhsil şirkətlərinin rolunun vacibliyindən danışıb, əcnəbi tələbələrin cəlb edilməsi üçün lazımi şəraitin yaradılmalı olduğunu vurğulayıb: "Lazımi göstəriciyə sahib olan bir tələbənin tam təqaüdlə başqa ölkədə təhsil almaqdan imtina edib Azərbaycana gəlməsinin bir səbəbi olmalıdır. Məlumdur ki, ölkəmizdə yaşayış ucuz deyil, təhsil haqqı da ödənməlidir. Digər universitetlərlə bizdə çalışan mütəxəssislər arasında da elə bir fərq yoxdursa, tələbə təbii olaraq tam təqaüd qazandığı xarici universiteti seçəcək. Əcnəbi tələbələrin cəlb edilməsi üçün universitetlərimizin xaricdə təhsil şirkətlərilə əməkdaşlığa açıq olması da vacibdir. Məsələn, bir şirkət tələbələri əməkdaşlıq etdiyi universitetə cəlb etmək üçün yüksək məbləğdə xərc çəkdiyi təqdirdə, universitetdən lazımi məbləği ala bilmirsə, o zaman təbii ki, buna maraq göstərməyəcək. Əcnəbi tələbələri sadəcə kapital kimi görmək doğru deyil. Həmin tələbə ölkəmizi gəldikdən sonra onsuz da müəyyən xərclər çəkməli olacaq. Əsas olan bunun üçün lazımi tələbləri yerinə yetirməkdir".
O, əcnəbi tələbələr üçün yaradıla biləcək imkanlardan söz açaraq, əsas məsələnin bu olduğunu vurğulayıb:
"Yataqxana problemi də vacib həll edilməli məsələlərdəndir. Həmçinin illik təhsil haqqına müəyyən güzəştlər də nəzərdə tutula bilər. Biz beynəlxalq sərgilərdə təmsil olunmaq, universitetlərimizi tanıtmaq istəyiriksə, elə şərait yaratmalıyıq ki, bura maraq cəlb edə bilək. Söhbət sadəcə maddi maraqdan deyil, tələbənin rahatlığından da gedir. Hər hansı xarici ölkədən tələbəni ölkəyə gətirmək problem deyil, əsas məsələ o tələbəyə hansı imkanların yaradılmasıdır".
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında qeyd edib ki, ölkəmizdə təhsil alan əcnəbilərin sayına baxanda, dünyanın inkişaf etməkdə olan ölkələri ilə müqayisədə nəticənin ürəkaçan olmadığı görünür:
"Məsələn, Sinqapurun ərazisi Bakının yarısı boydadır. Amma buna baxmayaraq, Sinqapurun iki universitetində əcnəbi tələbələrin sayı ildə 80 min nəfər olur. Xaricdən gəlib Türkiyədə təhsil alanların sayı 850 min, Rusiyada isə 240 min nəfərə çatır.
Bizdə isə vəziyyət əksinədir. Azərbaycandan xaricə gedib orada təhsil alanların sayı ölkədə təhsil alan əcnəbilərin sayından qat-qat çoxdur”.
Ekspertin fikrincə, ölkə xaricindən Azərbaycana tələbə gəlməsinin müsbət tərəfləri çoxdur:
"Əvvəla bu hal universitetlərin reytinqinə təsir göstərir. Azərbaycanda olan 54 universitetin heç biri dünyanın reytinq cədvəlində yer almayıb. Bunun üçün xaricdən gələn tələbələrin sayı kifayət qədər olmalıdır. Eyni zamanda əcnəbi tələbələr ölkə ərazisində pul xərcləyirlər. Xarici tələbələrin ölkə ərazisində pul xərcləməsi üçün də öncə universitetlər təhsil haqqını aşağı salmalıdır . Türkiyədə xarici tələbələr üçün təhsil haqqı yerli vətəndaşlarla müqayisədə daha azdır. Bunun əvəzində əcnəbi tələbə kirayə və digər ehtiyaclarının ödənilməsi üçün pul sərf edəcək. Ancaq bizdə yerli vətəndaşlar üçün təhsil haqqı 2000-3000 manat arasında dəyişir, əcnəbilər isə 5000 manat ödəməlidirlər. Təbii ki, belə olan halda əcnəbi tələbəyə Azərbaycanda təhsil almaq sərf etmir. Bu baxımdan, yerli universitetlərin öz siyasətlərində dəyişiklik etməsi və əcnəbi tələbələrin cəlbi istiqamətində müvafiq tədbirlər həyata keçirməsi vacibdir".
K.Əsədovun sözlərinə görə, Azərbaycana yalnız öz ölkələrində ali təhsil almaları mümkün olmayan əcnəbilər gəlir.
"Onlar öz ölkələrində çox aşağı nəticə göstərirlər və ali təhsil almaq şansları, demək olar ki, olmur. Ona görə də Azərbaycan kimi ölkələrə üz tuturlar. Çünki burda əcnəbilərin ali məktəbə qəbul olması və başa vurması çox rahatdır".