İqtisadçı-alimdən nonsens! – “Dünyada ressesiya təhlükəsi artacaq"

Dünyanı olduqca çətin yay gözləyir. Bu barədə analitik Viktor Keton "Business Insider”ə yazdığı məqaləsində proqnoz verib. Buna səbəb kimi Avropa İttifaqının (Aİ) Rusiyadan neftin tədarükünə embarqo qoymasını göstərib. V.Keton bu sanksiyaların birbaşa təsiri ilə yayın olduqca çətin və inanılmaz gərgin keçəcəyini qeyd edib. Həmçinin yanacağın ucuzlaşması üçün yeganə ümidin isə kreditlər üzrə yüksək faiz dərəcələri ola biləcəyini diqqətə çatdırıb.

Analitikin mülahizəsi ilə bağlı fikirlərini "Sherg.az"a bölüşən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, dünyanın yaydakı böhrandan necə çıxacağı barədə sualın net cavabını tapana  "Nobel" mükafatı düşür:

"Belə məsələlərə konkret fikir bildirmək mümkün deyil. Dünyadakı böhrandan çıxmaq üçün bir çox ardıcıl tədbirlərə ehtiyac var. 

Bunlar dünyadakı inflyasiyanın aşağı düşməsi ilə əlaqəli olmalıdır. Dünyada qiymət artımı dayanmalı, enerji daşıyıcılarının qiyməti azalmalıdır. Eyni zamanda ressesiya təhlükəsi aradan qaldırılmalıdır. Bunun üçün dünyada geosiyasi sabitlik olmalıdır. Rusiyanın izolyasiyası mövcuddur.

 Digər bir tərəfdən enerji daşıyıcılarının qiyməti qalxır. Rusiya-Ukrayna müharibəsi logistikaya və kənd təsərrüfatı məhsuları qiymətlərinin artırılmasına səbəb olub.

 Bu qəbildən bir çox kompleks məsələlər həllini tapmasa, dünya iqtisadiyyatının hazırki vəziyyəti təəssüf ki, hələ davam edəcək. Üstəlik ressesiya qorxusu da var. Amerikada, həmçinin Avropada iqtisadiyyatın il sonuna, hətta növbəti ilin ortalarına yaxın daralmasını görə bilərik.

 Əgər geosiyasi risklər azalmasa və dünyada inflyasiyanın qarşısını almaq mümkün olmasa, ressesiya təhlükəsi getdikcə artacaq".