Azərbaycanda ət ucuzlaşacaq. "Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası"nda dəyişikliklər edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə görə, heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib.
İdentikləşdirilmənin nəticəsi olaraq, yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.Əvvəlki qaydalara əsasən, hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və nəticədə heyvan sahibinə “baytarlıq pasportu”, “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub.
Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq. Bununla da “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.
Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan yeniliyə uyğun olaraq, bütün kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək.Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla reallaşdırılması planlaşdırılıb. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla gerçəkləşdiriləcək.
Yeni qərara münasibət bildirən sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, dəyişikliyin edilməsi yaxşı addımdır:
"Ət istehsalçılarının, satanların xərclərinin azaldılması məqsədi daşıyır. Amma dünyada davam edən bahalaşma fonunda müəyyən qədər olsa da, çox ciddi təsiri gözlənilən deyil. Yalnız kiçikbuynuzlu heyvanlarda bu addımın daha sərfəli olacağı mümkündür. Lakin iribuynuzluların ət satışında qiymətlər çox cüzi dəyişə bilər. Azalan məsrəfin əvəzində heyvan saxlayanların və satanların yer məsarifi artır. Həmçinin ot, yem məhsulları, daşınma xərcləri bahalaşır. Bundan başqa, heyvanlar üçün alınan dərmanlar da dünya bazarından baha qiymətə gəlir. Deməli, onlar da öz məshullarını baha satmalıdırlar. Ətin bahalaşması gözlənilirdi.
Qiymət 2 manat qalxacaqdısa, bu halda 1 manat artacaq. Yəni ucuzlaşma olmayacaq. Sadəcə böyük bahalaşmanın qarşısı alına bilər. İndi yay mövsümüdür. Ətə tələbat çoxluq təşkil etmir. Bazarda qiymət artımı elə də gözənilmir. Payızdan etibarən ətin qiymətinin ən azı 2-3 manat yüksəlmə ehtimalı var.
Çünki davamlı olaraq, ölkədə və dünyada bütün məhsulların satış qiymətində də artım müşahidə edirik. Beləliklə, məhsul istehsalçısı yüksək qiymətə xərc çəkdiyini heç vaxt ucuz sata bilməz. Eyni zamanda xaricdən gələn ət məhsulları da əvvəlkindən baha gəlir.
Bu da o deməkdir ki, bazarın qiymət artımını yerli istehsalçı da ona uyğunlaşdıracaq. Bu addımı ümumilikdə yüksək dəyərləndirirəm. Çünki hər halda bahalaşmanın qarşısının alınması, satış qiymətlərinin azaldılması üçün atılıb. Digər məhsullarla bağlı da yaxşı olar ki, analoji qərarlar verilsin. Əks təqdirdə mövsümü meyvə, tərəvəz də daxil olmaqla bütün ərzaqlar bahalaşacaq.
Ona görə də hökumət bu sahədə çox ciddi, qabaqlayıcı tədbirlər görməlidir. Belə olmadıqda inflyasiyanın davam etməsi əhalinin sosial vəziyyətini ağırlaşdıracaq".