“Kənddən Şəhərə” yarmarkalarının keçirilməsində əsas məqsəd paytaxtda məhsulların bolluğunu yaratmaqdır
"Kəndli becərdiyi məhsulu özü yarmarkaya gətirib satışa çıxarsa tutarlı qazanc əldə edər. Zəhmətinin bəhrəsini həm özü görər, həm də vətəndaşlar ucuz və keyfiyyətli məhsul əldə edər"
Kənd Təsərrüfatı Nazirliyi iyunun 25-26-da Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək. Yarmarkalar üç fərqli ünvanda keçiriləcək.
Məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Qeyd edək ki, “Kənddən-şəhərə” yarmarkaları artıq ənənəvi hal alıb. Xüsusilə də bayramqabağı günlərdə, əlamətdar tarixlərdə, həmçinin payız-yay mövsümündə kənd təsərrüfatı yarmarkalarının təşkilində əsas məqsəd həm paytaxt sakinlərinin tələbatını qarşılamaq, uyğun qiymətə təzə, keyfiyyətli məhsullar əldə etmək, həm də fermerlərin, sahibkarların qazanc əldə etməsinə, becərilən məhsulun ilk əldən satışa çıxarılmasına və məhsulun əsl sahibinin gəlir əldə etməsinə yardım göstərməkdir.
Bu da ölkədə sahibkarlığa və liberal iqtisadiyyata dəstəyin bariz nümunəsidir. Liberal iqtisadiyyatın inkişafı üçün sahibkarlığın inkişafı əsas şərtdir. Kənd Təsərrüfatı Nazirliyi isə bunu bölgələrdə fermer təsərrüfatı olan, tərəvəzçilik, bostançılıqla məşğul olan yerli əhalinin becərdiyi məhsulu sərbəst şəkildə bazara çıxarmasına yardım etməklə göstərir.
“Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 100-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Kənd təsərrüfatı yarmarkalarının təşkili ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Rauf Qarayev bunun müsbət hal olduğunu, lakin bəzi məsələlərə diqqət edilməsinin vacibliyini vurğulayıb:
“Kənddən Şəhərə” yarmarkalarının keçirilməsində əsas məqsəd paytaxtda kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaq və qiymətlərin ucuzlaşmasına nail olmaqdır. Bundan əlavə, yarmarka təşkilatçılarının əsas vəzifəsi məhsulun satışının fermerin özünün təşkil etməsinə çalışmaqdır. Yarmarkanın əsas qayəsi budur ki, yarmarkalarda sahibkarlar, fermerlər piştaxta arxasında dayansın, alverçilər yox.
Yarmarkaların müsbət tərəflərindən biri də budur ki, fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunacaq. Yəni yarmarkada iştirak edəcək fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunurlar. Hətta məhsullarını yarmarka ünvanlarına çatdırmaqda çətinlik çəkən fermerlərə loqistik dəstəyin də göstərilməsi pis olmazdı”.
İqtisadçının fikrincə, bu cür yarmarkalarda dəllalların, məhsulları fermerlərdən ucuz qiymətə alıb Bakıda baha qiymətə satan alverçilərin iştirakına icazə verilməməlidir: “Hər kəndli iri şəhərlərin bazarlarına çıxmaq, öz yetişdirdiyi məhsulun satışını təşkil etmək iqtidarında olmadığı üçün alverçilər bundan istifadə edir. Halbuki, kəndli becərdiyi məhsulu özü yarmarkaya gətirib satışa çıxarsa tutarlı qazanc əldə edər. Zəhmətinin bəhrəsini həm özü görər, həm də vətəndaşlar ucuz və keyfiyyətli məhsul əldə edər. Kəndli əziyyət çəkərək əkib-becərdiyi məhsulun satışını özü etməlidir. Bu, kəndliyə - fermerə qazanc əldə etmək, becərdiyi məhsuldan gəlir götürmək imkanı yaradır, məhsul becərməyə həvəsini, həm də marağını artırır, əlavə stimul verir”.
R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının rayonlarda ucuz, Bakıda baha olmasının əsas səbəbi də məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların əməlidir. Kəndli nə qədər çox əziyyət çəksə də, məhsulu əhali üçün əlçatan qiymətə satır. İşbazlar, alverçilər isə daha çox qazanmaq üçün insanların “cib”inə, kəndlilərin haqqına girir.
İqtisadçı onu da deyib ki, kənar şəxslərin bu cür yarmarkalara müdaxiləsinə məhz Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nəzarət olunmalıdır.
Bu cür yarmarkaların təkcə paytaxtda deyil, digər şəhər mərkəzlərində də təşkil edildiyini vurğulayan ekspert qeyd edib ki, bəzi sahibkarlar erkəndən bazarda öz yerini tutur ki, fermerlərin gətirdiyi məhsulların hamısını ucuz qiymətə alıb, gün ərzində bazarlıq edən alıcılara daha baha qiymətə satsınlar: “Çünki kəndlərdən şəhər bazarlarına məhsul gətirən şəxslərin axşama qədər piştaxta arxasında dayanıb məhsullarını satmaq imkanı olmur. Onlar 2-3 saat ərzində gətirdikləri məhsulu satıb qayıtmağa çalışır. Ona görə də bəzi hallarda fermerlər gətirdikləri məhsulu bir əldən başqa birisinə satıb rayona, kəndə qayıdır. Belədə yarmarkanın mahiyyəti pozulmuş olur. Məhsul ikinci, üçüncü ələ keçir. Qiymət də artır. Bu mənada yarmarkaların təşkili zamanı qarşıya qoyulan məqsədə nail olunması üçün fermerlərə hərtərəfli şərait yaradılmasının tərəfdarıyam”.