“Təklif edirəm ki, Gömrük komitəsi ləğv edilsin. Vergilər xidməti ilə birgə fəaliyyət göstərsin ki, şəffaflıq olsun”
“Rəqabətli mühit təmin olunsa, əlbəttə ki, bütün məhsulların qiyməti optimallaşacaq"
Son vaxtlar mağazalarda şəkər tozu qıtlığı yaşanır. Artıq yay mövsümüdür, bir çox mürəbbələr bu fəsildə bişirilir. Lakin məhsulu nə kiçik, nə də böyük marketlərdə tapmaq olur. İnsanlar 2 kiloqram şəkər tozunu əldə etmək üçün bir neçə marketə daxil olmaq məcburiyyətində qalır. Hər mağazadan tapdığını alaraq, özünə lazım olan qədəri əldə edir. Üstəlik baha qiymətə. Bəzi satıcılar da bildirirlər ki, şəkər tozunun qəhətə çəkilməsi növbəti bahalaşma dalğası ilə bağlıdır.
Qıtlıq və bahalaşmanın real səbəbləri ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, dünyada istehlak mallarında qiymət artımı var:
"Eyni zamanda şəkər tozu dünya bazarına, o cümlədən bizim coğrafiyadan olan ölkələrə daha çox Ukraynadan gəlirdi. Həmçinin Rusiyada ixrac olunan məhsullarda bildiyimiz kimi, süni qiymət artımı mövcuddur. Orada valyuta bazarı olmadığı halda Mərkəzi Bank dolların kursunu aşağı göstərmək üçün siyasi qərar qəbul edib. Özlərinə sərf edən kursu elan edirlər. Bu da təbii ki, həmin məhsulları rublla alan sahibkarlara baha başa gəlir. Həm də logistika problemləri var. Rəsmi Kiyevə rəsmi Moskva təcavüzü baxımından regionda daşımaların xərci də artır. Nəticədə malın maya dəyəri də yüksəlir. Məlum olduğu kimi, Azərbaycanda şəkər tozu istehsal edən yeganə müəssisə olan İmişli şəkər zavodu da xarici ölkələrdən xammal alır. Yerli məhsullar az istehsal olunur. Əslində problemin kökündə dayanan inhisarçılıqdır. Ölkədaxili istehsal, məmur sahibkarlığı, həmçinin gömrük orqanlarında süni qiymət artımı siyasəti aparılır. Müxtəlif sahibkarlar Azərbaycana məhsul gətirməkdən imtina edirlər. Gömrük orqanlarının "öz qaydaları" ilə işləməsi, bəyannamə qiymətini artırması həm maya dəyərini şişirdir, həm də rəqabət mühitini korlayır. Dünyadakı qiymət artımı Azərbaycanda bu gün şəkər tozu və digər məhsulları daha da bahalaşdıracaq. Kordinal olaraq, hökumət gömrük orqanları barədə bir qərar qəbul etməlidir. Təklif edirəm ki, Gömrük komitəsi ləğv edilsin. Vergilər xidməti ilə birgə fəaliyyət göstərsin ki, şəffaflıq olsun. Rəqabətli mühit təmin olunsa, əlbəttə ki, bütün məhsulların qiyməti optimallaşacaq".