Elşən Bağırzadə: "Qarabağın işğaldan azad edilməsindən sonra yeni imkanlar ortaya çıxmışdır"
Dünən Azərbaycan-Gürcüstan biznes forumu keçirilib. Forumda iki ölkə arasındakı iqtisadi əlaqələrin, ticarət tərəfdaşlığının artan xətt üzrə inkişaf etməsi barədə müzakirələr gedib. Forumda iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov deyib ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və qarşılıqlı maraqlar üzərində qurulub. Ölkələrimiz arasındakı münasibətlər dünyanın digər qonşu ölkələri üçün nümunədir. Bu gün Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artması deyilənləri sübut edir.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar-may ayları ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 390 milyon ABŞ dolları təşkil edib: "COVID-19 pandemiyasının dünya üzrə yayılmasına baxmayaraq, əminliklə söyləmək olar ki, 2022-ci il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,0 milyard ABŞ dollarını keçəcək".
S.İsmayılov deyib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 765 milyon ABŞ dolları təşkil edib.
S.İsmayılov həmçinin ölkəmizin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox sərmayə yatıran ölkələrdən biri olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstan iqtisadiyyatına 3,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Təkcə SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına təxminən 1,5 milyard dollar həcmində investisiya yatırılıb. Azərbaycan şirkətləri, o cümlədən SOCAR Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Həmçinin, bu şirkətlər tərəfindən yatırılan sərmayələr hesabına Gürcüstanda minlərlə iş yeri yaradılıb.
Diplomat deyib ki, statistikaya əsasən, Gürcüstanda 3000-ə yaxın Azərbaycan kapitallı şirkət qeydiyyatdan keçib və onlardan təxminən 1000-dən artığı aktivdir.
Azərbaycan şirkətləri əsasən enerji, nəqliyyat və kommunikasiya, tikinti, istehsalat, mehmanxana və restoran xidmətləri, daşınmaz əmlak, maliyyə və dağ-mədənə sərmayə qoyublar. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən Gürcüstan kapitallı 600-ə yaxın şirkət qeydiyyatdan keçib və onlar da uğurlu fəaliyyət göstərirlər.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan biznes forumu çərçivəsində Azərbaycanın Ələt Azad İqtisadi Zonası ilə Gürcüstannın "Hualing Kutaisi" Azad Sənaye Zonası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Ələt azad iqtisadi zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov və Xualinq azad sənaye zonasının baş direktoru Soso Nibladze imzalayıb. Tədbirdə qeyd edilib ki, memorandum iki ölkənin iqtisadi əməkdaşlığını daha da genişləndirəcək.
Biznes forumu dəyərləndirən iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı -ekspert Elşən Bağırzadə isə "Şərq" ə açıqlamasında Azərbaycanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin nisbətən stabil inkişaf edən əlaqələr olduğunu deyib: " İki ölkə qonşudur. Gürcüstanda çoxlu sayda Azərbaycan mənşəli əhali yaşayır. Gürcüstan Azərbaycan üçün Qərbə açılan dəhlizdir. İki ölkə arasında enerji, nəqliyyat, turizm başda olmaqla bir çox sahələrdə sıx iqtisadi əlaqələr qurulmuşdur. Azərbaycanın bu günə qədər həyata keçirdiyi ən mühüm beynəlxalq enerji və nəqliyyat layihələrində Gürcüstan aktiv iştirak edir. Başda SOCAR olmaqla, Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına önəmli həcmdə investisiyalar yatırmışdır. Qarabağın işğaldan azad edilməsindən sonra bu əlaqələr yeni aspektlər qazanmış və daha da inkişaf etməsi üçün yeni imkanlar ortaya çıxmışdır. Bu imkanlardan yararlanmaq lazımdır. Xüsusilə gün keçdikcə dəyəri daha da artan Orta Koridorun önəmli bir parçaları kimi iki ölkənin bundan sonra bir-birinə daha çox ehtiyacı yaranacaqdır".
İqtisadçının sözlərinə görə Ələt Azad İqtisadi Zonası və Hualing Kutaisi Azad İqtisadi Zonası da bu Orta Koridodun əhəmiyyətli infrastrukturlarıdır və bunlar arasında əlaqələrin dərinləşdirilməsi ümumi məqsədə xidmət edir. Bu əlaqələr həm təcrübə mübadiləsi, həm də həmin iqtisadi zonalardakı iqtisadi subyektlərin arasında qurulacaq faydalı biznes əməkdaşlıqları ilə inkişaf edə bilər.