Azərbaycan nəqliyyat qovşağına çevrilib! – “Xəzəryanı ölkələr bunu bilir və yararlanmaq...”

Xəzəri sülh və firavanlıq regionuna çevirmək üçün ölkələrin birgə əzmi daha da möhkəmlənir. İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Görüşdə  Xəzəryanı ölkələrin dövlət başçıları iştirak edib. Xəzərin statusu və Xəzər hövzəsində əməkdaşlıq Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın diqqət yetirdiyi mühüm məsələlərdən biridir. 

Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Prezident İlham Əliyev VI Zirvə Toplantısındakı çıxışında bildirib ki, Xəzəryanı dövlətlər arasında bağlanmış müqavilələr Xəzər dənizi regionunun iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır:

"Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir".

Xəzəryanı dövlətlərin liderlərinin görüşünü "Sherg.az"a dəyərləndirən iqtisadçı Pərviz Heydərov bildirib ki,  qarşılıqlı maraq və mənafelərinin nəzərə alınması əsasında  Xəzər üzrə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır:

"Biri var, Xəzəryanı ölkələr qarşılıqlı şəkildə mənafelərinə zidd addım atsınlar, biri də var ki, bütün məsələlərdə ortaq məxrəcə gəlməyi bacarsınlar. Çəkici eyni nöqetəyə vursunlar.  Xəzər dənizi həm Asiya və Avropa, cənubla şimal arasında əlaqə deməkdir. Xəzər kifayət qədər təbii resurslarla zəngin su hövzəsidir.  2018-ci ildə Aktauda Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzaladılar. Doğrudan da, elə bir sənədə ehtiyac  duyulurdu. 
Prezident İlham Əliyevin təbirincə desəm , "çoxillik iş nəticəsində imzalanmış sözügedən sənəd Xəzərin hüquqi statusunu müəyyənləşdirib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq".

Azərbaycanla  Türkmənistan  arasında Xəzərin təbii resursları ilə bağlı müəyyən anlaşılmazlıqlar var idi. Söhbət post müharibə dövründən gedir.

Xəzərin hüquqi statusu əldə olunduqdan sonra ölkələrarası razılaşmalara uyğun problemlər aradan qalxdı".

İqtisadçının qənaətincə,  Xəzərə dair  əsas cəhdlərdən biri onun beynəlxalq nəqliyyat qovşağı rolunda çıxış etməsidir:
"Azərbaycan nəqliyyat qovşağına çevrilib. Şimal-Cənub, Asiya-Avropa arasında dəhliz rolunu oynayır. Bu mənada Xəzəryanı ölkələr üçün Azərbaycanın ortaya qoyduğu infrastruktur həqiqətən də Xəzər dənizinin nəqliyyat qovşağı kimi dünya iqtisadiyyatında mühüm rol oynaması üçün şanslar açır. 

Xəzəryanı ətraf ölkələr də Azərbaycanın infrastruktura malik olduğunu bilir və bundan yararlanmaq istəyindədilər. Gələcək perspektivdə Xəzər dənizi ilə bağlı ölkələr arasında əməkdaşlığın daha  geniş sferanı əhatə etməsi üçün çoxlu səbəblər mövcuddur. Bunlardan addım - addım yararlanmaq lazımdır.

Gələcəkdə Transxəzər boru kəmərinin çəkilməsi məsələsi asan başa gələcək. "Cənub Qaz Dəhlizi"nə dair gördüyümüz işlərlə müqayisə  Transxəzər boru kəmərinin  çəkilməsi adi məsələdir. Avropanın enerji resurlarına artan təlabatının ödənilməsində kömək göstərəcək. 

Xəzər hövzəsində əməkdaşlıq üçün sözügedən ölkələr arasında hələ çox görüləsi işlər var. Həyat keçirilməsi vacib məsələlər mövcuddur".