Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər qida mərkəzi yaratmağı təklif edib. O, bu barədə Aşqabadda keçirilən Xəzər sammitində çıxışı zamanı bildirib. K.J.Tokayev qeyd edib ki, Qazaxıstanın ət və süd məhsullarının ixracını artırmaq potensialı var: "Dövlətlərimiz arasında ticarət əlaqələrini gücləndirmək üçün müasir logistika infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirmək lazımdır. Ona görə də biz minimal xərclə qarşılıqlı ticarəti artıracaq Xəzər ərzaq mərkəzini yaratmağı təklif edirik".
Qazaxıstanın təklifi ilə bağlı "Sherg.az"a danışan politoloq İlqar Vəlizadə bildirib ki, təşəbbüs çox vacib və əhəmiyyətlidir:
"Bu iqdam reginonda və dünyada baş verən reallıqları nəzərə alır. Doğrudan da, Yer kürəsində mürəkkəb proseslər baş verir. Eyni zamanda ərzaq qıtlığı problemi getdikcə dərinləşib. Əlbəttə, bu problemin aradan qaldırılması üçün Xəzəryanı ölkələr səylər göstərməlidir. Həmçinin təklifin reallaşması digər ölkələrin, ətraf reginonun ərzaq təhlükəsizliyi məsələlərinin həllinə ciddi töhfə verə bilər".
İ.Vəlizadə Azərbaycanın da eyni məqsədlərə xidmət etdiyini vurğulayıb:
"Ölkəmiz də ərzaq təhlükəsizliyini daim diqqətdə saxlayır. Ona görə də ikitərəfli əməkdaşlıq xüsusi önəm kəsb edir. Digər tərəfdən son vaxtlar dövlətimizlə Qazaxıstan münasibətlərinin inkişaf etdirildiyini qeyd etməliyik. Hər iki ölkə əlaqələri gücləndirir. Bu da perspektivdə yeni inkişaf mərhələsinə qədəm qoyacağımızdan xəbər verir".