Balans pozulub, ona görə ölkəmizdə meyvə-tərəvəzlərin qiyməti bahalaşıb
"Məsuliyyət birbaşa Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Qurum bu istiqamətdə düzgün siyasət yeridə bilmədiyi üçün fermerlər keyfiyyətli məhsullarımızı xaricə satır, biz də İranın, Pakistanın gmo tərəvəzlərini yeyirik"
Rusiyanın Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz ixrac edən əsas ölkələr arasında Azərbaycanın adı ilk sıralardadır.
Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub. Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb.
İqtisadçı-ekspert Rauf Qarayevin “Şərq”ə açıqlamasına görə, Azərbaycanın daxili istehsalı həm yerli tələbatı tam ödəməyə, həm də ixrac ilə bağlı tələbi qarşılamağa yetərli deyil. Tərəvəz məhsullarının ixrac həcmi artan kimi daxili bazarda disbalans yaranır və qiymətlərin artması müşahidə olunur. Onun fikrincə, daxili tələbatı tam ödəyə bilməyən yerli istehsal daha çox ixracata kökləndiyindən, ixrac daha sərfəli olduğundan bu, daxili bazarda qiymət artımına səbəb olan əsas faktora çevrilir:
"Son zamanlar tərəvəz məhsullarının qiymətinin artımı bununla bağlıdır. Bu, bir daha onu deməyə əsas verir ki, daxili istehsalın sürətlə artırılması, məhsuldarlığın yüksəldilməsi prioritet olmalıdır. Kənd təsərrüfatı məhsullarını xarici ölkələrə ixrac etməzdən əvvəl daxili tələbat ödənilməlidir. Bu, birmənalıdır. Əgər balans düzgün qurulsa, daxili bazarlarda meyvə-tərəvəzlərin qiyməti bu qədər baha olmazdı. Balanslaşdırmanı isə Kənd Təsərrüfatı Nazirliyi aparmalıdır. Sahibkarlar arasında danışıq aparmaq olar ki, bir qisim istehsal etdiyi məhsulu ancaq daxili bazarlara, digərləri isə xarici bazarlara satsın.
Amma bizdə əkilən məhsulların böyük əksəriyyəti Rusiya bazarlarına gedir və daxili tələbat ödənmir. Nəticədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının bazarlarda bahalaşmasına şahid oluruq.
Fermerlər il ərzində əziyyət çəkib yetişdirdiyi məhsulu qapısında və nisbətən baha qiymətə Rusiya bazarlarına satmağa üstünlük verir. Bu sahədə daxili bazarlarda xaotik durum hökm sürür. Gilası istehsalçıdan 1 manata alıb Bakıda 4-5 manata satırlar. Qazanan dəllal olur. Ona görə də kəndlilər öz məhsullarını 3 manata Rusiyaya ixrac etməyə üstünlük verir. Rusiya bazarlarına yaramayan aşağı keyfiyyətli məhsulları isə daxili bazarlara göndərirlər. Hansı ki, alverçilər kəndlilərdən ucuz qiymətə aldığı həmin aşağı keyfiyyətli məhsulu da gətirib Bakıda 10 qat bahasına satır”.
Ekspert hesab edir ki, sahibkarlar qarşısında cəlbedici təkliflər irəli sürmək lazımdır ki, onlar istehsal etdikləri məhsulları daxili bazara çıxarmaqda maraqlı olsunlar:
“İnsanlar meyvə-tərəvəzlərin baha olmasından şikayətlənir. Kəndlilər, fermer isə məhsulun yetişdirilməsi üçün çəkilən maya dəyəri artıb. Dövlət daxili tələbat üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarını istehsal edən sahibkarları üçün güzəştləri, eyni zamanda subsidiyaların məbləğini artırmalıdır. Bu cür danışıqların aparılması üçün də fermerlərlə, sahibkarlarla aidiyyəti qurum bir masa arxasında oturub ortaq məxrəcə gəlməlidir. Onu deyim ki, bu sahədə araşdırma aparıb hesabat xarakterli yazılar təqdim edən iqtisadi institutların fəaliyyəti də yetəri qədər hiss olunmur. Bu sahədə yaşanan mövcud problemlərin araşdırılması və sorğu keçirərək yekun nəticələrin hesabat formasında toplanması onların öhdəliyindədir. Amma bu sahədə heç bir irəliləyiş hiss olunmur. İnsanlar daha çox mediada ekspert kimi çıxış edən iqtisadçılara inanır, onların araşdırmalarını oxuyur. Bu baxımdan KTN həmin ekspertlərlə əməkdaşlıq etməli, onların araşdırmalarından, təkliflərindən yararlanmalıdır.
Növbəti mərhələdə isə ekspertlərin verdiyi proqnozlar ciddiyə alınmalı, çıxış yolu üçün onların təklifləri üzərində real addımlar atılmalıdır. Qurum kənd təsərrüfatı sahəsini dirçəltmək üçün xarici mütəxəssislərlə işləməyə üstünlük verir. Halbuki, onları maraqlandıran sadəcə işin maddi tərəfidir. Heç bir əcnəbi Azərbaycan iqtisadiyyatının, aqrar sektorunun inkişafı üçün canla-başla iş görmür. Amma yerli mütəxəssislərimiz milli maraqlar naminə öz ölkəsinin adının inkişaf etmiş ölkələr sırasında çəkilməsində maraqlı olur. Əgər yerli mütəxəssislərin bilgi səviyyəsi müasir standartlarla uyğunlaşmırsa, onları xaricə təkmilləşdirmə kurslarına göndərməklə çatışmazlıqları aradan qaldıra bilərlər”.
"Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri Elçin Bayramlı isə deyib ki, son dövrlərdə Azərbaycandan Rusiyaya və digər ölkələrə ixrac edilən meyvə-tərəvəzlərin həcmində obyektiv səbəblərdən azalmalar hiss olunur. Bu səbəbdən yerli bazarlarda tərəvəzlərin qiyməti ötən illərlə müqayisədə xeyli aşağıdı. Amma Rusiyaya ixrac artdıqca daxili bazarda qiymət artacaq:
“Ona görə də kənd təsərrüfatı məhsullarının xaricə ixracı ilə bağlı müəyyən bir balanslaşma olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin institutları ümumi hesablama aparmalıdır ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarından yerli tələbatı ödəyəcək qədəri saxlanılmalı, geri qalanı isə müxtəlif ölkələrə ixrac olunmalıdır. Hesab edirəm ki, ölkənin daxili tələbatı məhz yerli məhsulların hesabına ödənilməlidir. Keyfiyyətli meyvə və tərəvəzlərimiz mövsümi aylarda xarici ölkələrə satılır deyə biz ilboyu ucuz, gmo tərəvəzləri alıb istifadə etməli oluruq. Bunun məsuliyyəti isə birbaşa Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Qurum bu istiqamətdə düzgün siyasət yeridə bilmədiyi üçün fermerlər keyfiyyətli məhsullarımızı xaricə satır, biz də İranın, Pakistanın gmo tərəvəzlərini yeyirik. Özü də təkcə kartofda deyil, demək olar ki, bütün meyvə-tərəvəz, paxlalılar, süd məhsulları belədir. Müxtəlif qanunlarla ölkəmizdə GMO məhsulların istehsalı, satışı, idxalı qadağan edilsə də, bu qanunlara məhəl qoyan yoxdur. Nəticədə bazar-dükan xarici və GMO məhsullarla dolur. Yerli təbii məhsullar isə getdikcə sıradan çıxır”.
E.Bayramlının sözlərinə görə, gedib hansısa bir fermerə, sahibkara konkret olaraq sən məhsulunu ixrac etmə, ancaq daxili bazara sat demək də düzgün deyil:
"Bu sahədə mütləq ki, sistemli proqramlar olmalıdır. Kəndlinin əkin-biçin işlərinin planlaşması üçün tövsiyələrə ehtiyacı var. Hesab edirəm ki, bunların bütövlükdə həyata keçirilməsi kənd təsərrüfatının inkişafına gətirib çıxara bilər".