Şadlıq saraylarında menyular bahalaşıb

Ərzaq məhsullarında qiymət artımı restoran sahiblərini çıxılmaz vəziyyətə salıb


İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63 faiz artım qeydə alınıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) məlumatına görə, Mərkəz qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, şadlıq saraylarında müşahidə edilən qiymət artımı ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqədardır:

 “Hər birimiz ərzaq inflyasiyasının nə qədər yüksək olduğunu görə bilirik. Rəsmi mənbələrdə də göstərildiyi kimi, inflyasiya il başlayandan 14-16 faiz təşkil edir. Hətta qeyri-rəsmi hesablamalar daha yüksək rəqəmlərin olmasını özündə ehtiva edir. Bununla əlaqəli təbiidir ki, şadlıq saraylarının xərcləri artır. Yəni ərzaq məhsullarının alınması, hazırlanması və servis edilməsi əlavə xərclər gətirib. Bu da qiymətlərin yüksəlməsinə səbəb olan amillərdən birinə çevrilir. 

Bundan başqa, say məhdudiyyətinin aradan qaldırılması insanlarda ehtimal yaradıb ki, qiymətlərdə artım əvəzinə müəyyən tənzimləmələr, yəni endirimlər olsun və ya əksinə, qiymət artımına baxmayaraq, şadlıq saraylarında heç bir artım olmayacaq.

 Çünki pandemiya səbəbindən tətbiq edilən say məhdudiyyəti şadlıq saraylarına sərf etmirdi. Məsələn, böyük zallarda 150 nəfərlik toyun keçirilməsi həm müştərinin cibinə, həm də restorana ziyan vururdu. 

Lakin təəssüf ki, ərzaq məhsullarında qiymətlərin artması bu gözləntiləri doğrultmadı. Hazırda qonaq sayı kifayət qədər artıq olsa da, ərzaq məhsullarının kəskin bahalaşması, şadlıq saraylarının göstərdikləri xidmətin və bir nəfər qonağın yer haqqının artması ilə də müşahidə olunur”.