Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlıq uğurla davam etməkdədir. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə baş tutan toplantı da tərəflərin biri-birinə münasibətinin sübutudur.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Toplantıdan dərhal sonra açıqlama verən avropalı rəsmi müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan 2009-cu ildən bu yana Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində iki və çoxtərəfli formatda əməkdaşlıq edir.
Deputat Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, sənədin imzalanması olduqca mühüm, əhəmiyyətli bir hadisədir. Onun sözlərinə görə, müqavilə Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətləri yeni keyfiyyət mərhələsinə qaldırır:
"Sözügedən anlaşma memorandumu hazırda enerji böhranı ilə üzləşən Avropa üçün bir nəfəslik rolunu oynayacaq. Nəzərə almaq lazımdır ki , Rusiya-Ukrayna müharibəsi kontekstində gərginləşən Rusiya-Avropa İttifaqı münasibətləri qısa və ortamüddətli perspektivdə yoluna qoyulacaq məsələlər deyil. Təcrübə göstərir ki, belə əlaqələrin normallaşması uzun müddət və əlavə siyasi-diplomatik enerji tələb edir. Hazırda isə nə Rusiya, nə də Aİ münasibətlərin nizamlanması üçün heç bir təşəbbüs göstərmir. Belə olan halda Avropa Birliyinin etibarlı qaz mənbələri ilə təmin edilməsi hər gün, bir qədər daha çox aktuallaşır. Bu təminat üçün isə zaman çox azdır.
Mövsüm dəyişikliyi qaza tələbatı getdikcə artıracaq. Belə bir vaxtda Aİ ilə Azərbaycan arasında imzalanan enerji anlaşması İttifaqın qaza olan tələbatını ödəyən alternativ mənbələrdən biri kimi çıxış edəcək. Azərbaycanın etibarlı və müstəqil tərəfdaş olması Aİ üçün cəlbedici görünür.
Ona görə də hazırda enerji sahəsindən kənarda olan istiqamətlər üzrə də çoxsaylı mövzularda fəal danışıqlar aparılır. Artıq əsas prioritetlər müəyyənləşdirilib və demək olar ki, razılaşdırılıb".
Millət vəkili qeyd edib ki, Aİ həm də Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi proseslərdə güclü potensial iştirakçısıdır:
"Buraya Zəngəzur dəhlizi ilə yanaşı yol nəqliyyat və kommunikasiya sahələri daxildir. Eyni zamanda həmin dəhliz üzərindən Avropaya ixrac edilə biləcək elektrik enerjisi perspektivləri də aiddir. Hazırda Aİ Azərbaycanın əsas ixracat tərəfdaşı və ən böyük ticarət ortağıdır. AB idxalat prosesində isə ikinci yerdə qərarlaşıb.
Göründüyü kimi, siyasi-iqtisadi və ticari əlaqələrin dərinləşməsi üçün həm yaxşı siyasi mühit, həm də cəlbedici iqtisadi münasibətlər sistemi mövcuddur. Bu isə tərəflər arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qədər qaldıra bilər".