Sürücülərin ekoloji təmiz avtomobillərə marağı artıb
Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir və artıq dünya ölkələrində bu məqsədlə elektrik və hibrid avtomobillərə üstünlük verilir.
Azərbaycanda da avtomobil nəqliyyatının ekologiyaya zərərini azaltmaq üçün ölkəyə gətirilən köhnə avtomobillərə qadağa qoyulacaq.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. Bunun edilməsində əsas məqsəd 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılmasıdır.
Qeyd edək ki, Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarının daha da genişləndirilməsi prosesi ötən ildən aktivləşməyə başlayıb. Ölkəmizə idxal edilən elektriklə işləyən və hibrid avtomobillər 2022-ci ilin 1 yanvar tarixindən əlavə dəyər vergisindən azad edilib. Belə olan halda həmin avtomobillərin qiymətində də tədricən azalmanın olacağı ehtimal edilir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu məsələdə vətəndaşların da mövqeyi dövlətin qərarları ilə üst-üstdə düşür. Yəni sürücülər də daha çox ekoloji təmiz avtomobillər almaqda maraqlıdırlar. Xüsusən də hibrid avtomobillərə geniş maraq var:
“Son bir neçə ildə ölkəyə idxal edilən belə avtomobillərin sayı dəfələrlə artıb. Bundan başqa, mühərrik həcmi kiçik olan avtomobillərin də ölkəyə idxalı artıb.
“2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan sonra dövlət stimullaşdırıcı addımlar atacaq. Bununla da belə avtomobillər vətəndaşlar üçün əlçatan olacaq: "Ola bilər, yaxın gələcəkdə elektriklə çalışan avtomobillər üçün gömrük rüsumu daha da azaldılsın. Bundan başqa, vətəndaşlarımızın daha çox ekoloji təmiz avtomobil almaları üçün kreditlərin sadələşdirilməsi nəzərdə tutulub.
Hibrid avtomobillər üçün xüsusi infrastruktura ehtiyac olmasa da, elektiriklə çalışan avtomobillər üçün elektrikdoldurma məntəqələrinin sayının artırılmasına zərurət var. Hazırda belə məntəqələr olsa da, onların sayı çox deyil. Düşünürəm ki, infrastruktur genişləndikdən sonra elektriklə çalışan avtomobillər Azərbaycanda populyarlıq qazanacaq. Bunun üçün də dövlət müəyyən stimullaşdırıcı addımlar atmaqda davam edir".
Tərtib olunan strategiya əsasında müəyyən işlərin görülməsi planlaşdırılır. Hazırda təkcə Bakıda deyil, respublikanın digər şəhər və rayonlarında da belə məntəqələrin sayının artırılması istiqamətində işlər gedir.