Azərbaycanda kirayə mənzillərin sayı artırıldı. İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 216 tam təmirli mənzil daxil edilib.
Fonddan verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur. Bunlar da 2 və 3 otaqlı mənzillərdir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 17-ci kilometrdə yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif edilir. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.
Yeni mənzillər elektron sistem üzərindən seçim üçün avqustun 8-dən açıq olacaq. Vətəndaşlar yeni yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyə qədər bu mexanizmdən 1 847 ailə faydalanıb.
İqtisadçı- ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında özünün də sözügedən ərazidə yaşadığını bildirib:
"Hər kəsə həmin ünvanda yaşamağı tövsiyə edirəm. Əlverişli yerdir. Sayın artması iqtisadi qanunlara görə, qiymətlərin düşməsinə gətirib, çıxarmalıdır. Lakin indiki məqamda kəskin enəcəyini zənn etmirəm. Çünki Azərbaycanda daşınmaz əmlakın qiymətlərini əsasən, süni şəkildə yüksək saxlayırlar. Hələ də təəssüf ki, insanlarımızın xeyli hissəsi Bakıda yaşamağa axın edir.
Öz doğulduqları torpaqlarında qalıb, kənd təsərrüfatı ilə məşğul olmurlar. Yalnız bu halda qiymətlərin azalması müşahidə edilə bilər. Yəni təklif sayının qalxması elə də böyük artım deyil. Ümid edirəm ki, əhalimiz işğaldan azad olunmuş ərazilərə qayıdacaq. Söhbət təkcə məcburi köçkünlərdən getmir. İstənilər reginondan olan vətəndaşlarımızın orada qalması mümkündür.
Həmçinin başqa rayonlara, kəndlərə üz tutub, hər hansı məşğuliyyət sahəsində fəaliyyət göstərmələri arzuolunandır. O zaman Bakıda mənzil qiymətlərinin düşmə ehtimalı artar".