“Bu halda kredit götürə bilmirlər. Amma dövlət öz gəlirləri hesabına jurnalistlərə kömək göstərə bilər"
İpoteka vermək bankın və ya krediti verən hər hansı fond, reyestr, agentliyin bir nömrəli borcudur.
Bu barədə "Sherg.az"a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, krediti verəni onun qaytarılması məsələsi maraqlandırır:
"Kredit götürənin özü və himayəsindəki şəxslərin gəlir səviyyəsinin təminatı nəzərə alınır. İpotekaya ödəniş ediləndə ailənin özünə maaş yetməyəcəksə, kredit verilmir.
Gərək kredit müddətini uzatsınlar, hər ay cüzi miqdarda ödəniş edilsin.
Məsələn, 50 illik ipoteka krediti təqdim etmək qeyri-realdır. Nəzərə alsaq ki, krediti ən azı 20 yaşdan yuxarı şəxslər götürür və 50 ilə insan ömrü yetərmi, yetməzmi, məlum deyil. Yaxud da dövlət kreditin bir hissəsini öz hesabına verməlidir.
Belə olduğu halda qaydanın özündə dəyişikliklərə ehtiyac var. Çox yaxşı anlayıram ki, jurnalistlərin çoxunun maaşı kifayət etmir. Bu halda kredit götürə bilmirlər. Amma dövlət öz gəlirləri hesabına jurnalistlərə kömək göstərə bilər".