Hər il yay aylarında daşınmaz əmlakların, xüsusilə də bina evlərinin satışlarında səngimələr yaşanır. Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a danışıb.
O, bildirib ki, yay mövsümündə daha çox torpaq sahələri, bağ evlərinin satışı prosesi reallaşır:
"Bina evlərinin alınması təxminən avqustun sonu, sentyabrın əvvəlində daha sürətlə başlayır.
Bir neçə ildir, nağd satışların sayı kəskin azalıb. Pandemiyadan sonra xarici ölkələrlə sərhədlərin bağlı olması və digər səbəblərdən tikinti materiallarının bahalaşması müşahidə olundu.
Artım hələ də davam etməkdədir. Bu da tikintinin maya dəyərini yüksəldir. Qiymətlərdəki dəyişikliklər əsasən, tikilməkdə olan binalarda müşahidə edilir. Hazır tikililərdə, uzun müddət yaşanılan və ya təmirsiz qalan mənzillərin qiymətində müəyyən stabillik mövcuddur.
Artıma digər bir səbəb isə 2018-ci ildən tikinti normativlərinin dəyişilməsidir. Səlahiyyətlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edildi. Ondan əvvəlki illərdə yerli icra hakimiyyətləri tikinti ilə bağlı sərəncam vermək iqtidarında idi. Tikinti şirkətləri həmin sərəncama əsasən, az yeri əhatə edən torpaq sahəsində böyükhəcmli binalar inşa edə bilirdilər. İndi isə tələb olunan normativlərdə tikinti şirkətlərinin qarşısına şərtlər qoyulur ki, məsələn, burada 25-30 faiz yaşıllıq sahə olmalıdır.
Şirkət əvvəl bir hektar ərazidə 50-60 min kvadrat metr mənzil tikintisini həyata keçirirdi.
Kvadratını 1000 manata satırdı. Amma hazırda 28 min kvadrat metr tikə bilir.
Məcburdur ki, daha baha satış gerçəkləşdirsin. Çünki əvvəlki qiymətə satsa, nəinki qazanc, hətta zərərlə çıxmış olar. İndiki məqamda ümumən şəhərin mənzərəsinə baxsaq, əvvəlki illərdəki kimi, inşanın getmədiyini görərik. Çünki tikintiyə yararlı torpaq sahələri yox saydadır və qiymət yüksəkdir.
İnşa işləri daha çox pilot layihələr üzərindən reallaşdırılır. Sökür, yerində tikir, sakinlərə verir. Bunun da xərci daha bahadır. Hələ ki daşınmaz əmlak bazarında vətəndaşların xeyrinə, xoşagələn hansısa hadisə baş vermir".