“Müqavilədən sonra ölkəyə milyardlarla maliyyə axını oldu”
“Beləliklə də Azərbaycanda iqtisadi əsaslar yarandı. İndi də Ulu öndərin qoyduğu yol davam edir”
"Əsrin müqaviləsi"nin imzalanmasından bu gün 28 il ötür.
“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü” kimi qeyd olunur.
“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub. Heydər Əliyevin rəhbərliyi nəticəsində imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır. Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çataraq 5,6 dəfə artıb. Bununla da Azərbaycan nefti dünya bazarına inteqrasiya edib.
Bu günün çox əlamətdar olduğunu deyən millət vəkili Rüfət Quliyev “Sherg.az”a bildirib ki,Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə çökməkdə olan Azərbaycan iqtisadiyyatı yenidən dirçəldi:
“Bunu hamı bilir ki, 1994-cü ildə ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi.Burada inflyasiya və iqtisadiyyatın geriləməsi kimi faktorlar var idi. Belə bir şəraitdə dünyanın ən aparıcı neft şirkətləri “Əsrin müqaviləsinin” altından imza çəkdilər. Müqaviləni imzalayarkən onların yalnız bir inamı var idi.Əgər Heydər Əliyev hakimiyyətədirsə, iqtisadiyyatı dirçəldəcək və bu müqaviləyə heç kim xələl gətirə bilməyəcək. Bu çox maraqlı bir məsələ idi. Bütün dünya hadisə ilə bağlı fikirlər bildirdi. “Əsrin müqaviləsi”nə imza atan 13 şirkətin qüdrəti, o vaxtkı Azərbaycanın iqtisadiyyatından yüksək idi. Lakin onlar ulu öndərə inanaraq bu addımı atdılar. Bununla da ölkəmizin taleyi həm iqtisadi, həm də siyasi cəhətdən dəyişdi. Heydər Əliyevin bir sözü var: “İqtisadiyyatı güclü olan ölkənin, siyasəti də güclü olur”.
Sözügedən müqavilənin indiki Azərbaycanın müstəqilliyinə və dünyada tanınmağına çox müsbət təsiri oldu. Müqavilədən sonra ölkəyə milyardlarla maliyyə axını oldu. Beləliklə də Azərbaycanda iqtisadi əsaslar yarandı. İndi də Ulu öndərin qoyduğu yol davam edir.
Artıq biz qazın ixracatı və tranziti ilə də məşğuluq. Bu günə kimi Azərbaycan 10 nəhəng beynəlxalq layihə həyata keçirib. Bunların sırasına neft və qaz boruları, nəqliyyat yolları, iki beynəlxalq standartda tikilən dəniz limanı və dəmir yolları daxildir. Bütün bunların hamısı bizim neftdən gələn pulları ölkə iqtisadiyyatına müdrik şəkildə investisiya etməyimizin əsaslı sübutudur. Azərbaycan son 20 ildə iqtisadiyyatını 4 dəfədən artıq inkişaf etdirib”.