"Noyabr, dekabr aylarında yeni bahalaşma dalğasını görəcəyik. Təəssüf ki, ənənəvi haldır. Yeni ilə az qalmış tələbin artması ilə əlaqəli olaraq qiymətlərin də artmasının şahidi olacağıq".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
İqtisadçının fikirlərinə görə, yanvar ayından əmək haqları və təqaüdlərin artması gözlənilir:
"Nə qədər qəribə görünsə də, gözləntinin özü belə qiymət artmını sürətləndirən faktora çevrilir. Ona görə də, dekabr ayında inflyasiyanın artması ehtimalı yüksəkdir.
Amma hökumətin əlində kifayət qədər effektiv alət var. Lakin istifadə etmir. Biz artıq bir neçə aydır ərzaq məhsullarının və dərmanların əlavə dövlət vergisi 18 faizdən 2 faizə salınmalı olduğunu təklif etmişik. Bu, qiymətlərin geri çəkilməsində və bahalaşmanın sürətinin azalmasında effektli rol oynaya bilər".
N.Cəfərlinin qənaətincə, ərzaq məhsulları ilə bağlı gömrük rüsumları sıfırlanmalıdır:
"Azərbaycan özünü cəmi 25 faiz ərzaq məhsulları ilə təmin edir. Ərzaq məhsulları ilə təminat aşağı səviyyədədirsə, niyə ölkəyə gələn ərzaq məhsullarının gömrük rüsumu 15 faiz olmalıdır? Azərbaycan hökuməti heç olmasa, yanvar ayının 1-dən etibarən ərzaq məhsullarının və dərmanların əlavə dövlət vergisini 2 faizə salmalıdır. Gömrük rüsumlarını ən azından 1 illik ləğv etməlidir".