“Yəni əhalini gəliri artır, qiymətlərdə artmalıdır gözləntisi yaranır”
“Bu səbəblə də yalnız tələbələrin təqaüdlərinin 20 faiz artırılması kifayət etmir”
“Əlavə dəyər vergisinin 18 faizdən 2 faizə salınması, qiymətləri aşağı çəkə bilər”
Dövlət başçısı tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20 faiz artırılmasını nəzərdə tutur.
Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.
Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata,“3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.
Bu artımın ən yaxşı halda rəsmi ərzaq inflyasiyanın kompensasiyası olduğunu detən iqdisadçı -ekspert Natiq Cəfərli “Sherg.az”a deyib ki, hətta ərzaq inflyasiyası 21.8 faizlə bu artımdan daha yüksəkdir:
“Ona görə də təqaüdlərin artırılması yolu ilə, sosial yükün azaldılması yetərli deyil. Gələn ilin əvvəlində isə əmək haqlarının və təqaüdlərin ümumi artımı ilə bağlı qərar veriləcəyi gözlənilir.
Amma bunların artıq yetərli olmadığı üzə çıxır. Ona görə ki, təqaüdlər və maaşlar artıqca, inflyasiya da sürətlənir. Yəni əhalini gəliri artır, qiymətlərdə artmalıdır gözləntisi yaranır. Bu səbəblə də yalnız tələbələrin təqaüdlərinin 20 faiz artırılması kifayət etmir.
Sözügedən məsələ ilə paralel olaraq, qiymətlərin aşağı çəkilməsi ilə bağlı addımlar da atılmalıdır. Qiymətlərin tənzimlənməsinin ən yaxşı yolu isə gömrük rüsumlarının və vergi dərəcələrinin azaldılmasıdır.
Bu əhalinin aztəminatlı təbəqəsinə və əsasəndə tələbələrə müsbət təsir göstərəcək. Çünki, onlar da alış-veriş edərkən hamımız kimi 18 faiz əlavə dəyər vergisi ödəyirlər.
Əlavə dəyər vergisinin 18 faizdən 2 faizə salınması, qiymətləri aşağı çəkə bilər. Beləliklə də təqaüdlərin 20 faiz artımının onların həyatında müsbət təsirini görə bilərik"