“Bunu uzunmüddətli davam etdirək”
“Bu səbəblə də bizim üçün vacib məqam, həmin bölgədə İtaliya, Serbiya, Albaniya, Yunanıstan və Türkiyə ilə tərəfdaşlıq etməkdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olub. Görüşdən sonra liderlər mətbuat bəyanat veriblər.
Preziden İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir:
“Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərləri vasitəsi ilə daşınmanın iki dəfəyə qədər artırılması məsələsi müzakirə olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”.
Albaniya Prezidenti Bayram Beqay bildirib ki Albaniya Azərbaycan ilə daha sıx əməkdaşlığa can atır. Onun sözlərinə görə, Albaniya Azərbaycan ilə enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb:
“Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək. Bugünkü müzakirələrimizdə əsas diqqət ümumi maraq doğuran sahələrin və əməkdaşlığın dərinləşdirilməsinin konkret yollarının müəyyənləşdirilməsinə yönəldilib. Biz yaxın illər üçün əməkdaşlığın konkret mərhələlərini və proqram ardıcıllığını müəyyənləşdirmək üçün ən yaxşı siyasi və texniki vasitə kimi 2023-cü ildə birgə iqtisadi komissiyanın keçirilməsinin zəruriliyi barədə danışdıq”.
Bizim enerji əməkdaşlığımızın çox önəmli olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə Cənubi Qafqaz dəhlizi bizim ən böyük qaz layihəmizdir:
“Bu mənada biz Avropanın neft-qaz təchizatında və enerji təhlükəsizliyində çox mühüm rol oynayırıq. İndi isə üzü qışa doğru gedir və Rusiya-Ukrayna müharibəsinin taleyi müəyyən olunmayıb. Buna görə də gələcəkdə nələr baş verəcəyi məlum deyil.
Bu səbəblə də Azərbaycana ciddi şəkildə ehtiyac var. Türkiyədən keçən Cənubi Qafqaz qaz xətti "TAP", "TANAP" isə qaz ixracında çox böyük əhəmiyyət kəsb edir. Bu ixracın "Şahdəniz- 2" yatağından 2 dəfəyə qədər artırılması nəzərdə tutulur.
Xüsusən də Avropanın Cənub qisminin və Balkan yarımadasında yerləşən ölkələrin qaz təchizatının mühüm hissəsini Azərbaycan təchiz edir. Albaniya da həmin ölkələrdən biridir.
Bu səfər bizə imkan verəcək ki, Avropadakı mövqeyimizi həm gücləndirək, həm də bunu uzunmüddətli davam etdirək.
Bu səbəblə də bizim üçün vacib məqam, həmin bölgədə İtaliya, Serbiya, Albaniya, Yunanıstan və Türkiyə ilə tərəfdaşlıq etməkdir. Bu həm də bizim Fransa qarşısında siyasi üstünlüyümüzdür".