Milli Məclisin bu gün baş tutan iclasında millət vəkili Rəşad Mahmudov olduqca problematik məsələlərə toxunub. Parlamentari son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması hallarının artdığını söyləyib.
Millət vəkilinin sözlərinə görə, bu vəziyyət həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaradır:
“Ölkədə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatlarının çatışmazlığı var. Problemin həlli üçün əvvəlcə səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən üç səbəb var. Bunlardan ikisi beynəlxalq səbəblər, biri isə ölkədaxili məsələdir. Hər kəs problemin ciddiliyini anlayır, amma problem öz həllini tapmır.
Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı baş verib və əlçatanlıq çətinləşib. Digər səbəb isə - Ukrayna-Rusiya müharibəsi də bu ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Azərbaycanda dərman preparatları ilə bağlı problemin yaşanmasının əsas səbəbi Tarif Şurası və dövlətin tənzimlədiyi qiymətlərdir:
"Onlar qiymətləri tənzimlədikləri halda ölkədə dərman preparatlarının qiyməti yüksəlib, keyfiyyəti isə aşağı düşüb. Belə yanaşma inhisarlığın yaranmasına şərait yaradıb.
İri şirkətlər ayaqda qaldı, daha da gücləndi, diqtəsini artırdı. Azərbaycanda dərman preparatlarının gətirilməsi və satılması ilə məşğul olan onlarla kiçik şirkət sıradan çıxdı. Tənzimləmənin yanlış aparıldığı etiraf edilməli, qaydalar dəyişdirilməlidir. Azərbaycanda dərman preparatlarıyla əlaqəli anlaşılması çətin olan məsələlərdən biri də ölkədə müvafiq istehsalın olmamasıdır. 4 faiz yerli istehsaldır, qalanları xaricdən gətirilir. Həmin yerli istehsal da dərmanlara aid deyil, üstünlüyü tibbi ləvazimatlar təşkil edir. Belə bir şəraitdə dərman preparatlarına gömrük rüsumu, satışda isə əlavə dəyər vergisi qoymaq məntiqsiz addımdır. Nəticə etibarilə qiymətlərin bahalaşmasına, keyfiyyətsiz dərmanların bazara yol açmasına səbəb olur. Azərbaycan dövləti dərman preparatlarına qoyulan gömrük rüsumunu sıfırlamalı, əlavə dəyər vergisini də 18 faizdən 2 faizə qədər azaltmalıdır. Bu qiymətlərin kəskin ucuzlaşmasına və bazarda rəqabət mühitinin artmasına imkan verə bilər".