Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları vardır.
Ötən illərdə bir çox ölkə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif “qara” işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlət daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb.
Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarıblar.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 06 dekabr 2022-ci ildə qüvvəyə minən Qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edilib. Azərbaycan Respublikası Prezidentinin həmin tarixli Fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edildi.
Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçirilir və proses davam etdiriləcək.
Ölkədən qeyri-qanuni pul köçürmələri ilə bağlı nəzarətin möhkəmləndirilməsinin nəzərdə tutulduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, “kölgə iqtisadiyyatı” ilə bağlı problemlərin həlli yalnız nəzarət mexanizmindən ibarət deyil:
"Burada alternativlər də olmalıdır. Yəni ölkədə “kölgə iqtisadiyyatı”nı yaradan səbəblər aradan qaldırılmalıdır. Bu səbəblər isə rəqabətli mühitin zəiflədilməsi, məmur biznesi, vəzifəli şəxslərin biznesə müdaxiləsi və büdcə korrupsiyasıdır. Sözügedən hallarla bağlı kifayət qədər faktlar var və onlara nəzarət mexanizmi gücləndirilməlidir.
Ümumiyyətlə, başqa sahələrdə də paralel addımlar atılmalıdır ki, “kölgə iqtisadiyyatı” ilə bağlı yaranmış problem aradan qalxsın. Nəzarət mexanizmi ilə yanaşı, təşviqedici addımların atılmasına və ictimai nəzarətin yaradılmasına ehtiyac var. Bunlardan biri də elə Azərbaycan mediasıdır. Yəni jurnalistlərin araşdırmaları nəticəsində faktların ortaya çıxması və həmin faktlar sayəsində operativ reaksiyanın verilməsi arzuolunandır.
Bütün bunlar işə salınmalıdır ki, yeni səlahiyyətlər verilmiş orqanlar korrupsiyaya qarşı mübarizədə normal irəliləyiş əldə etsinlər".