Azərbaycanda uşağın anadan olmasına görə xalq arasında “südpulu” adlanan birdəfəlik müavinət 2022-ci ilin yanvarında 200 manatdan 300 manata qaldırılıb.
Azərbaycan hökuməti bildirir ki, həmin məbləğ üç il əvvəlki məbləğlə müqayisədə 2,8 dəfə dəyişib. Yəni 2019-cu ildə yenidoğulanlara ödənilən müavinət 109 manat olub.
Milli Məclisin bugünkü iclasında uşaqlara müavinət verilməsi mövzusuna toxunulub. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeni doğulan qız uşaqlarına sosial müavinətin verilməsini təklif edib.
Z.Oruc bu təklifini demoqrafik balansın qorunmasının vacibliyi ilə əsaslandırıb.
Təklifi "Sherg.az"a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov isə təklif edib ki, xərclərin artdığı bir dönəmdə həddi-büluğa çatan uşaqlara müavinət verilsin:
“Könül istərdi ki, vətəndaşlarımızın gəliri istehlak xərclərini qarşılasın. Uşaqpuluya da ehtiyac qalmasın. Lakin istəklərlə məsələ həllini tapmır.
Qanunvericiliyi şaxələndirmək, differensial qaydada bölmək düzgün deyil. Başqası da 10 yaşlı oğlan uşaqlarına və yaxud 18 yaşınacan, əsgərliyə gedənədək müavinət ayrılması barədə fikir səsləndirəcək. Bu, müasir dövrün tələblərinə cavab vermir.
12-13 yaşa qədər bir, 16 və yaxud 18 yaşadək isə ayrı kateqoriya müəyyənləşdirilə bilər. Qız uşaqlarını oğlanlardan ayırmamalıyıq”.