"Sovet dövründən qalan mənzil istismar sahələrindən söhbət gedirsə, onlara zibil daşınması üçün il ərzində 20-30 manat pul verilir"
Bunu "Sherg.az"a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov “"JEK”lər aldıqları pul müqabilində nə edirlər?” sualını cavablandırarkın deyib.
O qeyd edib ki, əslinə qalsa, mənzilləri sakinlər özləri də idarə etməlidir:
"Kim istəsə, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaradıb öz binasını idarə edə bilər. O zaman “JEK”lərə də bir qəpik belə verilməyəcək.
Amma belə olduğu təqdirdə xərcləri 15-20 dəfə çoxalacaq. Ona görə də heç kəs buna getmir. Ümumiyyətlə, mənzillər şəxsi mülkiyyətdir.Mənzil məcəlləsinə görə həmin binanın ümumi yerlərinin də xərclərini mülkiyyətçilər çəkməlidir. “JEK”lər həyətləri süpürür, zibilləri atır və bunun müqabilində ildə üç otaqlı bir mənzildən 20-30 manat pul alırlar. Sabah mənzil istismar sahələri ləğv edilsə, binalar başlı-başına qalacaq. Bu zaman isə mülkiyyətçilər lift almalı, binanın damını və zirzəmisini özləri təmir etməli olacaqlar. Qanunla da bu belədir, bina özəlləşdirilib, amma sakinlər onu idarə etmir. Sonra isə “JEK”lərdən şikayətlənirlər. Heç kəs onlara qanunla özlərinin cəmiyyətini yaratmağı qadağan etmir. Düzdür, bu sahədə islahat aparmaq lazımdır. Lakin mənzil istismar sahələri ləğv edilməməlidir. Çünki dövlət ona dotasiya verir və problemlər qismən də olsa həll edilir".