Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.
Həmçinin müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;
Artımları yüksək qiymətləndirdiyini deyən millət vəkili Razi Nurullayev "Sherg.az"a bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təkcə şəhid ailələri və qazilərin təqaüdləri yox, həm də sosial sahədə verilən müavinətlər çoxaldılıb:
"Şəhid ailələri və qazilərin müavinətlərinin artırılması çox gözəl haldır. Ümumiyyətlə, ölkə başçısının artımla bağlı bir neçə sərəncamı olub. Bu artım yüksələn inflyasiyanın qarşısını almaq və insanlara kömək etmək məqsədi daşıyır. Təbii ki, artım onların bütün ehtiyaclarını ödəməyəcək.
Bunu hamı bilir. Lakin həmin şəxslərin xərclərinin müəyyən bir hissəsini qarşılayacaq. Yəni insanların yükünü azaldacaq.
Bu baxımdan da biz məlum addımı dəstəkləyirik.
İnanıram ki, gələcəkdə dövlətimizin imkanları və büdcəsi daha da çoxalacaq. Bunun sayəsində isə müavinətlər, əmək haqqları və təqaüdlər daha da yüksəldiləcək".