"Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini inflyasiyaya qarşı mübarizə çərçivəsində artırır".
Bunu "Sherg.az"a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, AMB qiymət artımı ilə mübarizə aparmağa çalışır:
"Uçot dərəcəsi Mərkəzi Bankın digər banklara verdiyi kredit faizidir. Uçot dərəcəsini artırır ki, kredit Azərbaycanda daha da baha olsun. Onu çox götürməsinlər. Nəticədə iqtisadi aktivlik azalsın və qiymətlər artmasın. Amma qeyd etməliyik ki, dövlət qurumlarının fəaliyyəti bu məsələdə ardıcıllığı gözləmir.
Yəni mütənasib deyil. Bir tərəfdən Tarif Şurasının qərarına əsasən, nəqliyyat sərnişindaşıma tariflərində dəyişiklik edilib. Bu da təbii ki, qiymət artımına birbaşa səbəbdir.
Digər tərəfdən AMB artımın qarşısını almaq istəyir. Amma bu sahədə AMB-nin atdığı addımlar hələ ki, uğurlu deyil. Onsuz da qiymətlər yüksələn xətt üzrə gedir. AMB ötən il ərzində də uçot dərəcəsini artırırdı. Lakin indiki vaxtda uçot dərəcəsini artırmağın ciddi təsiri olmayacaq".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsinin 0,25 faiz bəndi qaldıraraq, 8,5 faizə çatdırılması barədə qərar qəbul edib.