"Orta statistik Azərbaycan ailəsinin minimum ehtiyaclarını ödəmək üçün heç olmasa 1000 AZN-dən yuxarı gəlir olmalıdır".
Bunu "Sherg.az"a iqtisadçı-ekspert Nazim Bəydəmirli şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişin biletlərinin bahalaşmasından danışarkən deyib. Ekspert diqqətə çatdırıb ki, vətəndaşların qazancının az olması Azərbaycanda əsas problemlərdəndir:
"İşsizlik faizi yüksəkdir. Lakin hökumət statistikasında işsizlik və yoxsulluqla bağlı rəqəmlər demək olar ki, saxtalaşdırılır. İşsiz statusu vermək üçün məşğulluq idarələrində iş yeri olmayan şəxs kimi qeydiyyata düşənlərə müxtəlif bürokratik əngəllər yaradılır. Eyni zamanda rayonlarda pay torpaqları, bundan əlavə, Vergi Ödəyicisi Eyniləşdirmə Nömrəsi (VÖEN) olanlar işsiz kimi qeydiyyata alınmırlar.
Gündəlik sərnişindaşıma tariflərindəki dəyişikliklərlər insanların həyatında çox böyük xərclərə gətirib, çıxaracaq. Hökumət vətəndaşlarımızın daha çox vəsait qazanması üçün şərait yaratmalıdır.
Ehtiyacı olan şəxslər sosial yardımla təmin olunmalıdır. Eyni zamanda güzəştli kateqoriyadan olan vətəndaşlarımıza (tələbə, pensiyaçı, qazi, şəhid ailələri) ictimai nəqliyyatda kompensasiya etmək üçün abunə kartları, digər vəsaitlər verməklə həmin adamlar artan xərclərdən xilas edilməlidirlər".
Qeyd edək ki, şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri elan olunub. Bunu Bakı Beynəlxalq Avtovağzalı bildirib. Yeni qiymətlər fevralın 3-dən qüvvəyə minir. Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.