Soğan niyə bahalaşıb? – SƏBƏBLƏR SADALANDI 

"Adətən, qiymət artımı bazarda olan tələb və təklifə uyğun olur".
Bunu "Sherg.az"a iqtisadçı Nazim Bəydəmirli soğanın qiymətinin iki dəfədən çox bahalaşmasına münasibət bildirərkən diqqətə çatdırıb:
"Əslində soğan bir neçə il bundan əvvəl ölkəmizdə çox ucuzlaşmışdı. Satmağa bazar yox idi. Ona görə də fermerlər növbəti ildə soğan əkməyə üstünlük vermədilər. 
Prosesin nizamlanması üçün Azərbaycandakı fermerləri maarifləndirmək lazımdır. 

Sahibkarlar bu məhsulu becərsələr, daha çox gəlir əldə edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlar fermerlərə dəstək olmalıdırlar. Kənd təsərrüfatı heç nədən sığortalanmayıb.

Sahibkarın bu il əkdiyi məhsula bazarda tələb yoxdur və o, gəlir əldə edə bilmir. Nəticədə növbəti il həmin məhsulu əkmir. Bunun üçün də Sığorta Fondu olmalıdır. Sahibkarlarla bağlı dəstək mexanizmləri işlənməlidir".

Qeyd edək ki, son günlər istər paytaxtda, istərsə də bölgələrdə soğanın qiymətində bahalaşma müşahidə olunur. Məhsulun qiyməti bəzi bölgələrdə iki dəfədən də çox artıb.