“Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı hesablamaq hələlik tezdir. Bir müddətdən sonra yalnız maddi ziyanı hesablamaq mümkün olacaq”.
Bunu “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Türkiyəyə dəyən zərərin miqyasından danışarkən deyib.
O qeyd edib ki, biz bunun iş gücünə, demoqrafiyaya və gələcək layihələrə vurduğu ziyanı da nəzərə almalıyıq:
"Ən yuvarlaq rəqəmlə, təqribən 100 milyard dollar zərərin olduğunu söyləmək mümkündür.
Bu isə Türkiyə üçün kifayət qədər yüksək rəqəmdir. Demək olar ki ÜDM-nin 10 faizindən çoxunu təşkil edir. Ən böyük çətinlik isə qısa zaman kəsiyində infrastrukturun yenilənməsinə və binaların tikilməsinə ehtiyacın duyulmasıdır. Çünki insanlar küçələrdə qalıblar. Zamanın dar olması isə vəsaitin tez bir zamanda tapılaraq işə başlanmasını zəruri edir".
Ekspertin sözlərinə görə Türkiyə beynəlxalq donor və kredit təşkilatlarına müraciət etmək məcburiyyətində qalacaq:
"Düzdür mart ayında donor ölkələrin yardımla bağlı konfransı olacaq. Amma orada da maksimum 1-2 milyard dollara yaxın vəsaitin toplanması gözlənilir. Deməli, Türkiyənin daha böyük məbləği əldə etmək üçün Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avrasiya İnkişaf Bankı kimi maliyyə qurumlarına müraciət etmək ehtiyacı yaranacaq. Digər tərəfdən Türkiyənin biznesinin və tikinti sektorunun gücünü nəzərə alsaq, vəsait tapılarsa, qısa zaman ərzində bir çox infrastruktura dəymiş zərəri aradan qaldırmaq mümkün olacaq. Hətta bir müddətdə xərclənən vəsait Türkiyə iqtisadiyyatında müsbət effekt də yarada bilər. Yəni yeni iş yerlərin yaranması və iqtisadiyyatın canlanması baş verəcək. Çünki tikinti sektoru öz arxasınca digər sektorları da aparır".