Nə əkən qazanır, nə alan!
“Artıq uzun illərdir, qışda soğan kəskin bahalaşır. Problem istehsalla yox, məhsulun saxlanması ilə bağlıdır.
Təəssüf ki, yay mövsümündə sahibkarlar istehsal etdikləri soğanı sata bilmədikləri üçün qiymət də aşağı düşdü. Nəticədə ziyana məruz qaldılar. Soğan satışından gəlir qazanan topdansatış bazarlar və ordakı işbazlardır. İstehsalçılar məcburiyyətdən məhsulu ucuz qiymətə satır. Daha çox hissəsi xarab olur".
Bunu “Sherg.az”a açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyib.
Mütəxəssis bildirib ki, sahibkarlara yardım göstərmək lazımdır:
“Ucuz kredit resursu təklif etmək olar. Onlar soyuducu anbarlar inşa etdirsinlər və istehsal etdikləri məhsulların bir qismini saxlayıb, qış mövsümündə satsınlar. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə heç bir iş görmür. Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri deyir ki, Nazirlər Kabinetinin (NK) qərarına görə idxal rüsumu götürülüb, ixraca məhdudiyyət qoyulub. NK narazılıq olmasın deyə istehlakçıların marağına uyğun addım atıb. Yəni, ölkədən məhsul çıxmamasına və ucuz gəlməsinə çalışıb. Kənd Təsərrüfatı Nazirliyi istehsalçıların marağına xidmət etməlidir. Məhsuldarlığı artırmaq, uzun müddət saxlamaq imkanı yaradılmalıdır.
Yay aylarında soğan istehsalçılardan alına, saxlanıla və qışda da bazara çıxarıla bilər. Həm istehsalçı, həm də istehlakçı qazanar.
Qiymət yenə bahalaşacaq. Aprelin sonu, mayın əvvəlində yeni soğan çıxsa, qiymət nisbətən enər”.