"Heç bir qurumun restoran və kafelərdəki qiymətlərə qarışmaq hüququ yoxdur".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli narazılıq doğuran restoran qiymətlərindən danışarkən deyib.
O bildirib ki, dövlət qiymətlərə qarışanda sonda qıtlıq yaranır:
"Hətta sovet dövründə kafe və restoranların qiymətlərini dövlət tənzimləyirdi. Nəticədə isə dükanlarda və dövlət yeməkxanalarında heçnə tapılmırdı. Yəni dövlət burada qiymət qoya bilməz. Dövlət yalnız iki şeyə nəzarət edə bilər: qidaların təhlükəsizliyənə və gəlirdən alınan vergiyə. Bizdə isə əsas problem restoranların ödədiyi verginin çox zaman qeyri-leqal olmasıdır. Buna görə də nəzarət mexanizmini qurmaq olmur".
Ekspertin qənaətincə, qiymətlərə görə sahibkarlara irad bildirmək mümkün deyil:
"Azərbaycanda restoran və kafelərin qiymət siyasətinə təsir edəcək bir qanun da yoxdur. Digər tərəfdən qiymətlərin baha olmasında rəqabətsizlik mühiti çox önəm kəsb edir. Yəni ya ətrafdakı kafelərin sayı azdır, ya da digər kafelərlə sövdələşib qiyməti qaldırıblar.
Həmçinin bayram günlərində restoranlara üz tutanların sayı da artır. Bu səbəblə də süni qiymət artımı edirlər.
Lakin bunun heç bir cinayət tərkibi yoxdur. Qiymət artımının qarşısını almaq üçün isə rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir. Yəni sahibkarların özlərinə çəki-düzən vermələri üçün dövlət qida təhlükəsizliyinə və vergilərə nəzarəti gücləndirməlidir".
Qeyd edək ki, Əhməd Rəcəbli 38 a ünvanında yerləşən "Şəki Qala" restoranında qiymətlərin kosmik dərəcədə baha olması sosial mediada gündəmə çevrilib. Belə ki, insanlar bununla bağlı paylaşım edərək öz narazılıqlarını bildiriblər.