"Son 4 bankın ləğvinə bundan 3 il əvvəl başlanılıb. Yəni bu proses çox uzun davam edir".
Bunu "Sherg.az"a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda iki bankın bağlanmasına münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, ölkədə bankların bağlanması rəqabət mühitini pozur, inhisarçılığa aparır və ciddi problemlər yaradır:
"Digər tərəfdən bu ləğv prosesi çox uzun çəkir və qeyri-şəffaf aparılır. Yəni Əmanətlərin Sığortalanması Fondunu(ƏSF) həmin bankın əmlakını satmalı, vaxtı ilə verdiyi kreditləri qaytarmalı və əldə olunan vəsaiti əmanətçilərə qaytarmalıdır.
Amma prosesin necə aparılması bilinmir. Bu isə ciddi problemdir. Mən onların nə qədər pulun əmanətçilərə qaytarıldığını deməsini məsləhət görərdim. Ona görə də yaxşı olar ki, ƏSF öz işini indiki kimi yox, daha şəffaf qursun".
Qeyd edək ki, bu il ləğvetmə prosesində olan “Borçalı” Kommersiya Bankı (KB) və “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin tamamlanması gözlənilir.
Bu barədə “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.