Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb. Mərkəzi Bankın açıqladığı hesabata əsasən, bu ilin fevralında problemli kreditlərin həcmi 22 milyon manat artaraq 606 milyon manata yüksəlib. Yanvarın sonunda isə bu məbləğ 584 milyon manat olub.
Xatırladaq ki,2022-ci il martın 1-də problemli kreditlərin məbləği 690 milyon manat təşkil edib.
Problemli kreditlərin artımının gözlənilən olduğunu deyən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a vurğulayıb ki, son illərdə kredit daha çox verildiyi üçün, problemlər də çoxalır:
"Səbəblər isə məlumdur. Əgər biznes kreditlərindən söhbət gedirsə, hansısa biznesmenin fəaliyyəti uğursuz olur və o borclarını vaxtında ödəyə bilmir. İstehlak kreditlərindəki problem isə, vətəndaşların maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır. Yəni ölkədəki qiymət artımı nəticəsində,gəlirlər yerində qalır, xərclər artır. Buna görə də insanlar götürdüyü borcu vaxtında ödəyə bilmir və problemli kreditlərin sayı çoxalır".
Ekspertin sözlərinə görə, problemli kreditlərdəki artımın böyük olduğunu da demək olmaz:
"Amma ümumi kredit portfelinin artması şəraitində, problemli kreditlərin həcmi daha da arta bilər.
Bu isə bankların daha ehtiyatlı davranmasına gətirib çıxaracaq. Yəni banklardan kredit götürmək çətinləşə bilər".