Milli valyutaya qarşı psixoloji basqı real görünmür
1 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Bu göstərici ötən hərracdan 2,1 dəfə çoxdur. Belə ki, iyulun 27-də keçirilən valyuta hərracında banklar 32.5 milyon dollar alış həyata keçirib.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə hesab edir ki, dollara olan tələbin 100 faizdən çox artmasına səbəb kimi bir sıra məqamları qeyd etmək olar. Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır: “Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır.
Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür”.
Bu prosesin manata təsirinə gəldikdə isə iqtisadçı deyib ki, yuxarıda qeyd etdiyi amillər bir-iki aylıq dövrü əhatə edəcək, deməli, dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relaks"ına imkan verəcək.
Həftədə iki dəfə hərrac keçirildiyini xatırladan iqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az"a açıqlamasında deyib ki, ötən hərracdan sonrakı 3-4 gün ərzində ölkənin tədiyyə balansında və ya neft-qaz qiymətlərində neqativ bir dəyişiklik olmayıb:
“Banklar xarici valyutaları öz müştərilərinin tələbinə uyğun alırlar. Ola bilsin ki, şirkətlərin dollara olan tələbi, kredit ödənişləri məhz həmin günə təsadüf edib. Son günlər neftin və qazın qiymətinin bahalaşması fonunda dollara tələbin artması, milli valyutaya qarşı psixoloji basqı real görünmür. Yəni hazırda dollara tələbin artması üçün heç bir makroiqtisadi əsas yoxdur”.