Çörəyin qiymətində bahalaşma gözlənilir?  - AÇIQLAMA

Bəzi ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə vəziyyət əlverişlidir 

 İranın 13 əyalətində çörəyin bahalaşmasından bir neçə gün sonra dövlət bütün əyalətlərdə çörəyin qiymətinin artırılması ilə bağlı sərəncam verib.

Rəsmilərə istinadən verilən məlumatda avqustun 20-nə kimi ölkənin bütün bölgələrində çörəyin qiymətinin 40 faiz bahalaşacağı qeyd edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir müddət öncə çörəyin qiymətinin bahalaşmasının hökumətin qırmızı xətti olduğunu və buna yol verilməyəcəyini demişdi. Qeyd edək ki, daha əvvəl qardaş Türkiyə və qonşu Gürcüstanda da çörəyin qiymətinin bahalaşması ilə bağlı məlumatlar mediada yer alıb. 
  
Regiondakı bahalaşmanı şərh edən  iqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az"a açıqlamasında  Azərbaycanda çörəyin qiymətində heç bir artımın olmayacağını deyib. Onun sözlərinə görə, sözügedən ölkələrdə çörəyin qiymətinin bahalaşması təxmin edildiyi kimi Rusiyanın “Taxıl sazişi”ndən imtinası ilə əlaqəli deyil:
 “Taxılın qiymətinin bahalaşacağı, bazarlarda qıtlıq yaşanacağı  ilə bağlı proqnozlar qərb ekspertləri tərəfindən bilərəkdən yayılır. Əgər payız aylarında dünya bazarında və yaxud ayrı-ayrı ölkələrdə taxılın qiymətinin bahalaşması müşahidə edilsə belə, bu, süni artım kimi dəyərləndirilməlidir. Səbəb isə Rusiyanın Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdən çıxmasıdır. Yəni Avropa ölkələri bundan Rusiyaya təzyiq forması kimi istifadə edəcəklər.
  
Halbuki Rusiyanın sazişdən çıxması və Ukraynanım Qara dənizdəki limanlarını blokadaya alması taxıl ixracı üçün əngəl deyil.  
  
Ukraynanın  taxıl zəmiləri olan bölgələrinin əksəriyyəti Ruminya ilə həmsərhəddir.  Ukraynanın da Qara dənizdən  Ruminyanın Konstansa limanına çıxışı  var. Şərt deyil ki, taxıl gəmiləri  Odessa limanından çıxsın. Görünür, Qərbin bu israrının arxasında Rusiyaya qarşı qərəz dayanır. Məqsəd Rusiyanı dünyanın gözündən salmaq və dünya bazarlarındakı bahalaşmaya görə məhz onları ittiham etməkdir”. 
  F.İbrahimlinin sözlərinə görə,  əgər Rusiyanın bu addımından sonra taxıl ixracatçıları  kvota tətbiq etsələr,  bizim istehlak bazarımıza da  təsiri olacaq: "İndiki halda isə Azərbaycanın taxıl ehtiyatları yetərincədir. Yerli istehsal və maliyyə  dayanıqlığı fonunda çörəyin qiymətində bahalaşma gözlənilmir. Bəzi ölkələrlə müqayisədə bizdə bu sahədə vəziyyət əlverişlidir".