İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz mandatı çərçivəsində ərzaq məhsulları bazarında qiymətlərə təsir gücünə malik olan və hökmran mövqeyindən sui-istifadə edərək qiymət artımlarına səbəb olan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verən təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı fəaliyyətini genişləndirəcək. Dövlət Xidməti mütəmadi əsaslarla istehlak bazarında qiymət monitorinqi və rəqabət təhlilləri aparır.
“APA-Economics” Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari il ərzində minimum istehlak səbətinə daxil olan və əhalinin ərzaq təminatında əsas yer tutan qida məhsulları, o cümlədən un və un məmulatları, şəkər tozu, iri və xırdabuynuzlu heyvan əti, toyuq əti, kərə yağı, düyü, qarabaşaq, ağartı məhsullarının və s. qiymətləri ilə bağlı monitorinqlər aparılıb.
“Cari ilin 13 oktyabr tarixinə olan məlumata əsasən, ötən il ilə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib. Bəzi məhsul kateqoriyaları üzrə isə qiymətlərin enməsi qeydə alınıb. Bu məhsullara çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsaq daxildir. Bundan əlavə, 1 kq-lıq qablaşdırmada təqdim edilən un qiymətlərində artım müşahidə olunsa da, 50 kq-lıq un kisəsinin qiymətində azalmalar baş verib.
Əsassız qiymət dəyişikliyinin qarşısının alınması və bazarda rəqabətin təmin olunması məqsədilə Dövlət Xidməti tərəfindən 2023-cü ilin II rübündən etibarən iri və xırdabuynuzlu heyvan əti bazarı və ümumilikdə kənd təsərrüfatı sektorunda müxtəlif təchizat zəncirləri üzrə qiymət artımı səbəblərinin bazarın rəqabət vəziyyəti ilə əlaqəli olub-olmamasının araşdırılması məqsədilə geniş təhlil və araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticələrinə əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu heyvan əti) və bitkiçilik istiqamətləri (kartof, soğan, pomidor və s.) üzrə müxtəlif dəyər zəncirlərində fəaliyyətin əsasən ailə kəndli-təsərrüfatları, fərdi sahibkarlar tərəfindən həyata keçirildiyi müəyyən edilib. Bununla belə, kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən edilib.
Dövlət Xidməti tərəfindən bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, hazırda umumi qiymət artımının obyektiv və subyektiv səbəbləri var:
"Bunlardan ən birincisi idxal olunan məhsulların qiymətlərinin artması ilə bağlıdır. Yağ, şəkər tozu, ət və digər məhsullardır ki, bunların qiymətlərinin bahalaşmasında müəyyən obyektiv faktorlar var. Məsələn, yemin qiymətinin artması, mövsümü amillərin təsiri və s. Həmçinin, biz yerli istehsal olunan bəzi meyvə- tərəvəz məhsullarında da qiymət artımını müşahidə edirik. Təbii yolla bitən bəzi meyvə-tərəvəz məhsullarının artıq mövsümü bitmişdir. Bu da artan tələb əsasında qiymətlərə müəyyən təsirlər göstərir. Digər tərəfdən hazırda ölkədə ikirəqəmli inflyasiyanın davam etməsi, ümumi manatın dəyərinin də azalmasını izləyirik. Bu da təbii ki, mal və xidmətlərin artımına təsir edir.
Bəzi hallarda süni qiymət artımının şahidi oluruq. Bu əsasən israfçılıq meyllərinin təsiri ilə bağlıdır. Hazırda qənaət məcəlləsinin qəbul olunması ilə bağlı işlər artıq yekunlaşır. Gələcəkdə bu qanun ölkədə qiymətin tənzimlənməsinə və rəqabətin müəyyənləşib təkminləşməsində öz mühüm təsirini göstərəcək. Hesab edirəm ki, dünyada baş verən inflyasiya prosesləri və Rusiya-Ukrayna arasında gedən müharibə digər ölkələrə də inflyasiya təzyiqlərini artırır. Ümumi mənzərədə bizim ölkə dünya iqtisadiyyatına reinteqrasiya edildiyindən bu prossesdən yan keçə bilmir".