Azərbaycan xarici yardımları 30% azaldır. 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 80 milyon manatı və yaxud 0,2 %-i xarici yardımların payına düşəcək.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,5 % azdır.
Xarici yardımlarla bağlı xərcləri ümumi dövlət xidməti xərclərinin 1,7 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, bu göstərici hər an dəyişə bilər:
"İstənilən sivil ölkənin iqtisadi dövriyyəsində, varlığında beynəlxalq inteqrasiya baxımından müəyyən bir dəhliz var. O yardım dəhlizidir. Yəni, istənilən bir qonşu ölkədə müharibə, daşqın, yanğın kimi təbii hadisələr baş verərsə, bir çox ölkələr birləşib yardım edirlər. Artıq bu, yazılmayan qanuna çevrilib. BMT tərəfindən koordinasya olunub. 1990- cı illərin sonu, 2000 -ci illərin ortalarında xarici investisyalara ehtiyacımız vardısa, hazırda Azərbaycan özü investor dövlətə çevrilib. Bu baxımdan biz yardım etmə qabiliyyətinə malik bir ölkəyik. Yardım cəhətdən dövlət tərəfindən ayrıca pay ayrılır. Bu dövlətimizin siyasətinin bir ehtiyac fondudur. Bu günləri biz xarici dəstəyimizi azaldırıqsa, dayanıqlı şəkildə ehtiyyat mənbələrimizdə qalmış olur. Biz də onu digər sahələrə, işğaldan azad olunmuş torpaqlarda bərpa işlərində istifadə edə bilərik. Bu göstərici hər an dəyişə bilər. Elə bir vəziyyət yarana bilər ki, biz nəinki 30 faiz az, bundan 2 qat çox da yardım edə bilərik".