Azərbaycandakı bəzi bankların maliyyə vəziyyəti heç də ürəkaçan deyil. Problemli kreditlərin həcminin sürətlə artması, kreditləşmə prosesinin zəif olması və əhalinin banklara olan etimadının itməsi yerli maliyyə qurumlarının işini kifayət qədər çətinləşdirib. Banklarda olan əmanətlərin azalması əhalinin banklara olan etibarının azalmasının göstərgəsidir. Xalqı əmanətlərini harada və hansı tərzdə saxlamaq məsələsi narahat edir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda bank sektorunda zaman-zaman müəyyən dalğalanmalar olur.
“Müəyyən bankların bağlanması insanların banklara olan güvənini azaldır. Eyni zamanda Azərbaycanda depozitlərə 10 faizlik vergilər tətbiq olunur. Bu da xüsusilə az miqdarlı depozitlərə olan marağın azalmasına gətirib çıxarır. Bütün bunlara rəğmən bank sistemində hələ də kifayət qədər depozit var. Əhalinin banklarda 8 milyarddan çox depoziti mövcuddur ki, bu da heç də aşağı rəqəm deyil”.
N.Cəfərli xalqı narahat edən əmanətlərini saxlamaq məsələsinə də toxunub:
“Ümumiyyətlə Azərbaycanda yatırım mənasında məsləhət vermək çox çətindir. Çünki Azərbaycanda inzibati məzənnə sistemi olduğu üçün valyutada 5 ildən çoxdur ki, sabitlik var. Bu səbəbdən valyutaya yönələn yatırımlar azalıb. Məzənnə sabitliyi olduğu üçün əhali valyuta ilə depozit saxlamaqda maraqlı deyil. Qızılın qiyməti çox oynaqdır. Geosiyasi gərginlik zamanı artır sonradan ucuzlaşır. Bu səbəbdən qızıl saxlamaq cəlbedici deyil. Azərbaycanlıların ən sevdiyi yatırım növü daşınmaz əmlakdır. Təəssüf ki, bu sahədə ciddi qiymət artımı var. Ona görə də əhalinin bir qismi daşınmaz əmlaka yatırım etmək istəyəndə ölkəni yox, Gürcüstanı və Türkiyəni seçir”.