İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə orta illik inflyasiyanın 9,5 faiz olacağı proqnozlaşdırılıb.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
"İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir"-Sənəddə əlavə edilib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, əgər hər hansısa forsmajor bir hal baş verməzsə, hər şey proqnozlaşdırıldığı kimi olacaq:
“Forsmajor hal dedikdə, bilirsiniz ki son illərdəki inflyasiyanın əsas artım səbəbi bütün dünyanı ağuşuna alan Covid-19 pandemiyasıdır. Pandemiya ilə mübarizə üsulu olaraq fiskal siyasət irəli sürüldüyü üçün dünya iqtisadiyyatı infliyasiya ilə üzləşdi. Hazırda Azərbaycanda iqtisadi tarazlıq tam bərqərar olunub. Eyni zamanda qeyri-neft sektorunun dinamik inkişafında olduqca irəliləyişlər var. Azərbaycanın suverənliyinin bərpası nəticəsində makro-iqtisadi səviyyədə investisyaların cəlb olunması, beynəlxalq layihələrdə iştirak və s. kimi məqamlar bizə proqnozların reallaşacağını göstərir. Bunlar hədəf olaraq gerçəkləşə biləcək rəqəmlərdir”.
F.İbrahimov Azərbaycanda inflyasiyanın tənzimlənməsi üçün uğurlu addımlar atıldığını vurğulayıb:
“İnflyasiyanın qarşısını almaq üçün ilk növbədə bazar müddəaları şəffaf işləməlidir. Yəni ölkədə tam şəkildə liberal iqtisadiyyat siyasəti tətbiq olunmalıdır. Digər tərəfdən idxal amilindən mərhələli şəkildə asılılığı zəiflətmək lazımdır. Bazar şəraitində hansısa məhsulun qiyməti yüksəlişdədirsə, biz onu dayandıra bilmərik. Amma həmin məhsulun idxalını daxili imkanlarımız hesabına azalda bilərik. Həmçinin sağlam rəqabət mühiti formalaşmalıdır. Bu istiqamətdə ölkədə işlər görülür. İnkişaf var və nəticəsinin şahidi olacağıq”.