İşləməyən mexanizm işə düşəcək  - Qanunların ləğvi...

Azərbaycanda üç qanun ləğv olunacaq. Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə "Haqsız rəqabət haqqında", Antiinhisar fəaliyyəti haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar ləğv ediləcək.

Məsələ ilə bağlı hazırda qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırma aparılır.

Qeyd edək ki, bu gün "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, qanunların ləğvinə səbəb boşluqların olması deyil, müasir bazarın tələblərini qarşılaya bilməməsidir:

“Ümumiyyətlə qanunvericilikdə heç vaxt boşluq olmur. Qanunvericilik dövrün tələbinə cavab verməyə bilər. Bunun üçün daha təkmil versiyası ilə əvəzlənməsi baş verir. Əgər qanunun icra mexanizmi yoxdursa, həmin sahələrdə müəyyən problemlər yaranır. Cənab Prezident də hər zaman çıxışlarında ölkə iqtisadiyyatındakı mənfi halların tezliklə aradan qaldırılmasının prioritet hədəf olduğunu vurğulayır. İnhisarçılıq rəqabəti məhv edən əsas elementdir. Hazırda ölkədə haqsız rəqabət və inhisarçılığ siyasəti yeridən şirkətlər var idi. Bu qanunların yeni formatı ilə bu halların qarşısının alınmasına zəmin yaranacaq. Eyni zamanda  müəyyənləşdirilən yeni qanunlar müasir tələblərə uyğunlaşdırılacaq və işləməyən mexanizm işə düşəcək”.