Əhalinin regionlara üz tutması inkişafa yol açacaq 

Bu il ipoteka kreditləşməsi üçün İpoteka Kredit və Zəmanət Fonduna (İKZF) müraciətlərin həcmi 1,5 milyard manatdan çox olub.

Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov televiziyada yayımlanan verilişlərdən birində deyib.

Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur.

İpoteka Kredit və Zəmanət Fondu (İKZF) -nin baş direktoru İlham Kələşov bildirib ki,  İpoteka Kredit və Zəmanət Fondu (İKZF) üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirib

"Bununla da, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir", - İKZF-nin baş direktoru deyib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, rəqəmsal olaraq 26 faiz  artım varsa, deməli ipotekaya müraciətin şərtlərinə cavab verə bilən  əhalinin sayında da artım var:
 
“İpoteka götürənlərin sayında olan artım həmin qədər insanın normal iş şəraiti və gəlir mənbəyinin formalaşması deməkdir. Çünki normal iş yeri və gəlir mənbəyi olmayan şəxslərin  müraciətləri qəbul edilmir. Regionlara ipoteka kreditlərinin sadə və əlverişli verilməsi isə mövcud şəraitə uyğun olaraq yeridilən siyasətdir. Hazırda Bakı şəhəri tikinti və inşaat yerləri ilə çox yüklənib. 
Əhalimizin regionlara üz tutması regionların inkişafına şərait yaradacaq. Bunlar hamısı bir-birini qarşılıqlı şəkildə  stimullaşdıran proseslərdir. Doğrudur ipoteka sahəsində müəyyən işlər görülür. Amma hələ  görüləcək işlər çoxdur. İlk növbədə  vətəndaşların ipoteka kreditinə əlçatanlığı təmin olunmalıdır. İpoteka şərtlərinin sadələşməsi yönündə mərhələli şəkildə addımlar atılmalıdır. Regionlarla Bakı arasında stimullaşdırıcı faiz fərqi olmalıdır.  Bu sayədə regionlarda ipotekaya olan maraq artacaqdır”