2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 328,7 milyon ABŞ dolları dəyərində 18 299 ədəd avtomobil ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4 288 ədəd və ya 19% azalıb, lakin dəyəri 106,8 milyon dollar və ya 48,1% artıb.
Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 221,9 milyon dollar dəyərində 22 587 ədəd avtomobil ixrac edib.
Statistikaya əsasən Gürcüstandan bu il Azərbaycana ixrac edilən hər bir avtomobil üçün çəkilən xərc orta hesabla 17,9 min dollar təşkil edib, ötən il isə bu, 9 825 dollar olub.
Ümumilikdə Gürcüstan bu ilin yanvar-sentyabr ayları ərzində 1 milyard 566 milyon dollar dəyərində avtomobil ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın əsas ixrac istiqaməti olub və ümumi ixracının 34%-ni təşkil edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın avtomobil parkını yeniləməsi istiqamətindəki siyasətinə uyğun olaraq bu rəqəmlər normal qarşılanmalıdır:
“Azərbaycanda son zamanlar köhnə avtomobillərin ölkəyə girişi qadağandır. Bu səbəbdən il olaraq yeni və bahalı avtomobillərin ölkəyə gəlişində artımın şahidiyik. Yəni ölkəyə gətirilən avtomobillərin sayı ədəd olaraq azalsa da, dəyərində nəzərə çarpacaq artım var. Əlbəttə tək səbəb bu deyil. Hibrit və elektrik avtomobillərin son 3 ildə istehsal olunanlara güzəştləri mövcuddur. Onlar isə daha bahadırlar. Bunların fonunda ölkəyə gələn avtomobillər say olaraq azalıb amma qiymət etibarı ilə xeyli artıb”.