Məhsul istehsalına yönəlmiş investisiyaların həcmi 20,8% artıb.
Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəlmiş investisiyaların real artım tempi ötən ilin eyni dövrünə nisbətən 21,3% olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.
"Bu müddətdə məhsul istehsalı və xidmət sahələrinə yönəlmiş investisiyaların həcmi müvafiq olaraq 20,8% və 27,4% artıb", - nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon manat yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 5,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər 5 faiz təşkil edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert, Natiq Cəfərli bildirib ki, məhsul istehsalına yönəlmiş investisiyaların artırılması priorited məsələlərdən biridir:
"İstənilən halda istehsala yönələn investisiyaların artımı müsbət bir addımdır. İnvestisiyaların geri dönüşü ilə bağlı məlumatlar ətraflı olsa, daha yaxşı olardı. Məsələn, bu qədər miqdarda artıbsa, investisiyalar xarici ticarətə necə təsir edib? Məhsul istehsalı nə qədər artıb? İstehsal olunan məhsulun ixrac yönümlülüyü nə qədərdir? Bu suallara da aydınlıq gətirilməlidir. Təbii ki, istehsala yönəlmiş investisiyalar hər zaman müsbət qarşılanır".