Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % artaraq 369,8 milyon manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun da 60,6 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 %-i ictimai iaşə xidmətlərindən, 3,7 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,4 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 % səviyyəsində olub (2022-ci ilin yanvar-sentyabr aylarında 16,3 % təşkil edib). Bu göstərici Naftalanda 53,8 %, Şabranda 52,9 %, Qubada 32,3 %, Bakıda 29,6 %, Beyləqanda 27,3 %, Lənkəranda 26,6 %, Bərdədə 23 %, Ağcabədidə 21 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanda turizm sektoru inkişafa doğru gedir:
“2019-cu ildə Azərbaycanda turizm sahəsi pik nöqtəyə gəlib çatmışdı. Sadəcə olaraq koronavirus infeksiyasının yayılması işləri alt-üst etdi. Pandemiya bu sektora da təsirsiz ötüşmədi. Artıq pandemiya dövrü geridə qalıb. Bu keçən dövr kəsiyində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Karantin vəziyyətinin yumşaldılmasından sonra ölkənin turizm sektoru ikinci nəfəsini aldı. Bunu keçən il ilə müqayisədə olan artım da sübuta yetirir. Gələn il də bu ilə nisbətdə artımları müşahidə edəcəyik”.
F.İbrahimov Naftalanın sovetlər dövründə də xüsusi fərqlənən müalicəvi kurortlardan biri olduğunu vurğulayıb:
“Naftalanın bu statistik rəqəmlərə çatması normal haldır. Ümumiyyətlə ölkəmizdəki müalicə kurortu günü-gündən inkişaf edir. İşğaldan azad olunmuş torpaqların turizm sektorumuza təsirləri ilə birlikdə bu sektor əsas gəlir sahələrindən biri olacaq. Eyni zamanda statistikaya nəzər yetirdikdə daxili turizmin də artdığının şahidi oluruq. Artıq azərbaycanlılar da müalicəvi kurort və istirahət üçün gəlirlərindən müəyyən büdcə ayırırlar”.